Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edən Milli Prioritetlər

05 fevral 2021 | 11:00

Azərbaycan sosial-iqtisadi və mədəni təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Hazırda dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Əlbəttə ki, son dövrdə, Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Şübhəsiz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar isə 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ona görə də, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Ölkənin iqtisadi inkişafı ictimai münasibətlərin bütün sahələrinə sirayət etmişdir. Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyitəmini üçün güclü potensial yaratmışdır. Ölkədə yaşanan siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Azərbaycanın regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.
Cəmiyyət, biznes və dövlət üçlüyü Azərbaycanın inkişaf modelidir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.
Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması Azərbaycan dövlətinin seçimidir. Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün iki məqsəd təmin olunmalıdır. Xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən, zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir. İqtisadiyyatda tətbiq olunacaq yeniliklər və təsdiq olunmuş “Milli Prioritetlər” cəmiyyətin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Təsdiq olunmuş Milli Prioritetlər iqtisadi münasibətlərdə iştirak edən bütün  subyektlərinin fəaliyyətində müsbət əks olunacaqdır. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdiriməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir.
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olmasıtəmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləriyaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır.  Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafının sürətləndirilməsi də bu məqsədlər sırasındadır. Heç şübhəsiz ki, qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcək. İqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin etməli, həmçinin inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur. Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır. Prezident İlham Əliyevin qətiyyətli, praqmatik, düşünülmüş siyasəti, siyasi iradəsi, idarəçilik məharəti və ölkəmizin iqtisadi potensialı qarşıya qoyulmuş hədəflərə nail olunmasını təmin edəcək.
Hakimiyyətin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir.
Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir. Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətə davamlığı təmin olunmalıdır.
Reallaşdırılacaq iqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək, həmçinin inkişafdan hər bir vətəndaş bəhrələnəcək. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amil olduğundan iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin olunacaq. Milli Prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Bütövlükdə, 2030-cu ilə qədər həyata keçiriləcək Milli Prioritetlər dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatı, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşdıracaq, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı yaranacaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış baş tutacaq və Azərbaycan təmiz ətraf mühit, “yaşıl artım” ölkəsinə çevriləcək.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər