“Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin Pirallahı rayonu üzrə yekun mərhələsi başa çatdı
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsi başa çatdı.
Fevralın 8-də BŞİH-nin məsul şəxslərinin iştirakı ilə növbəti konfrans təşkil olunmuşdur. Konfransda Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, şagirdlər və onların elmi rəhbərləri iştirak etmişdir.
Konfransı açıq elan edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verərək qeyd etdi ki, Ümumilikdə 7 məktəb arasında təşkil olunmuş müsabiqədən sonra məktəblər tərəfindən seçilmiş şagirdlərin siyahısı Rayon İcra Hakimiyyətinə təqdim olunmuş və seçilən şagirdlərin iştirakı ilə 19.01.2021-ci il tarixdə video-konfrans şəklində müsabiqə keçirilmişdir. Müsabiqənin rayon turunda 7 məktəbdən 13 şagird iştirak etmiş və onların hər biri dinlənilərək, çıxışları qənaətbəxş olan 7 şagird növbəti tura keçməyə haqq qazanmışdır.
Sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirdi ki, “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda keçirilən yazı müsabiqəsi gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir.
Daha sonra müsabiqənin ilkin seçim mərhələsi nəticəsində fərqlənən 7 məktəbli xüsusi təqdimatlarla çıxış edərək işlərini təqdim etdilər.
Sonda rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları müsabiqənin şagirdlər arasında böyük marağa səbəb olduğunu vurğulayaraq layihənin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, layihə gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin yekun mərhələsi nəticəsində fərqlənən 2 məktəbli (186 №-li tam orta məktəbin şagirdi Əzizov Ayxan və 243 saylı tam orta məktəbin şagirdi Kərimov Nicat) rayonumuzu Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda təmsil edəcəklər.