Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “15 may - Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Ailəmiz ən dəyərli xəzinəmizdir” başlıqlı onlayn konfrans keçirildi

06 may 2021 | 11:00
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Pirallahı  İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 may 2021-ci il tarixində “Ailəmiz ən dəyərli xəzinəmizdir” başlığı altında onlayn konfrans keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəb direktorları, bağça və mədəniyyət müəssisələrinin rəhbərləri, YAP Pirallahı rayon Təşkilatı Aparatının əməkdaşları, Ağsaqqallar Şurasının sədri  iştirak etmişdilər.
   Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev cəmiyyətimizdə ailənin əhəmiyyəti, ailə dəyərlərinin qorunması, onun problemlərinin minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılması, cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailənin mühüm vasitə olduğunu qeyd etmişdir. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Dövlət tərəfindən ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti istiqamətində ölkə ərazisində əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirmə tədbirləri, ictimai dinləmələr keçirilir. Aparılan tədbirlər əhali arasında milli-mənəvi dəyərlərin təbliğini daha da gücləndirməyə, gənc nəslin tərbiyəsinə xüsusi önəm verilməsinə, ailədə zorakılığın qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu bir daha sübut etmişdir.
   Sonra YAP Pirallahı rayon Təşkilatı Qadınlar Şurasının üzvü Sevda Alxasova, 235 nömrəli tam orta məktəbin müəllimi Aysel Qasımova və 186 nömrəli tam orta məktəbin psixoloqu Şəfa Biləndərli öz çıxışlarında ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibətin olmasını, valideyn-övlad münasibətlərinin düzgün qurulmasını vurğulamışlar. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalı, böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil etməlidir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən şəxs vətənin əmin-amanlığınının keşiyində duracaq, hər bir yeniyetmə ailədən aşılanan müsbət mənəvi-psixoloji münasibətləri ictimai mühitə də daşıyacaqdır. Sonda söz alan çıxışçılar qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və internetin həyatın hər sahəsinə nüfuz etməsinin bir sıra müsbət tendensiyalarla yanaşı, bəzi hallarda neqativ təsirlərə gətirib çıxardığını da qeyd etmiş və gənclərimizi pis vərdişlərdən yayınmağa çağırmışlar.
 
 
Keçidlər