Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu

28 fevral 2014 | 11:00
  Hər il martın 1-i ərəfəsində bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu tarix 1972-ci il martın 1-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün dünyanın hər yerində humanitar tədbir kimi keçirilir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv olan Azərbaycanda da hər il bu gün rəngarəng tədbirlərlə qeyd olunur.
  Fevralın 27-də Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir Pirallahı rayonunda keçirildi. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Pirallahı rayonunda dislokasiya olunmuş idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri, orta ümumtəhsil  məktəblər iştirak etdilər.
  Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini, Pirallahı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cəlil Mirzəyev giriş sözü ilə çıxış edərək maarifləndirmə məqsədi ilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndirdi. C.Mirzəyev fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməyə nail olmağı hədəfləyən bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğuladı.
  Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Adil Hüseynov Fövqəladə Hallar Nazirliyinin və rəhbərlik etdiyi qurumun ötən il gördüyü işlər, eləcə də maarifləndirici tədbirlərin əhəmiyyəti barəsində tədbir iştirakçılarına məlumat verdi.
  Bildirildi ki, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə mülki müdafiə planları icra başçısı tərəfindən təsdiq edilir və Plan əsasında vaxtaşırı tədbirlər aparılır. Bundan əlavə rayon ərazisində hər hansı texnogen qəza və təbii fəlakət baş verən zaman əhali və işçilərin təhlükəsizliyinin təmin olunması, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədi ilə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun sərəncamına əsasən rayon ərazisində fövqəlada hallar zamanı fəaliyyət göstərmək üçün 9 mülki müdafiə xidməti yaradılmışdır. “Hər bir xidmət və dəstənin fövqəlada hallar zamanı qarşısında duran funksional vəzifələri mövcuddur.”
  Çıxışlardan sonra tədbirdə iştirak edən mülki müdafiə dəstələrinin mənəvi və fiziki hazırlıq səviyyələrinə, maddi-texniki bazalarına baxış keçirildi, müvafiq tövsiyə və tapşırıqlar verildi.
Keçidlər