Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş onlayn formatda tədbir keçirildi

24 iyun 2021 | 11:00
       Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş onlayn formatda tədbir keçirildi.
    Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunduğunu, 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin Konvensiyasına qoşulduğunu vurğuladı. Diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq Fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. 2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.
   Daha sonra Pirallahı RPŞ-nin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili Səid Mehdiyev, 168 nömrəli tam orta məktəbin psixoloqu Röya Qəhrəmanova, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sədri Qair Carullayev çıxış edərək bildiriblər ki, narkomaniya cəmiyyətə, dövlətə və ümumilikdə bəşəriyyətə çox böyük ziyan vurur və onun qarşısının alınması uğrunda hər kəs mümkün olan bütün vasitələrdən istifadə etməlidir. Çıxış edənlər narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomaniyaya düçar olanların sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə əlaqədar qarşıda ciddi vəzifələr dayandığını söyləyiblər.
     Sonda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Vəzir Səfixanov bildirdi ki, narkomaniya müasir cəmiyyətlərin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən birinə çevrilib. Bu bəlanın qurbanları bütün dünyada durmadan artır.  Öldürücü narkotoksik maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdikləri Dövlət Proqramları və verdikləri töhfələrin nəticəsidir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılıb, təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb.
 
Keçidlər