Şriftin ölçüsü :

Saytın rəngi :

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür!

26 iyun 2021 | 11:00
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Azərbaycan ədaləti bərpa edəcək. Böyük qətiyyətlə və inamla səsləndirilən bu fikirlər Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanırdı.
Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun- Silahlı Qüvvələr Günündə 103 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ümummilli lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Məsələnin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun möhkəmlənməsini prioritet məsələ kimi öndə saxlayır.
Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə Sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.
Ötən il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. «Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətinə salıbdır. BMT-dən başqa, bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir…Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, «Dağlıq Qarabağ ordusu»nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir» söyləyən Prezident İlham Əliyev bildirir ki, biz haqq, ədalət, torpaqlarımız uğrunda mübarizə aparırıq.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını bildirən Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdır. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdir. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər.
Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da Ali Baş Komandanın əmrinə hazır olduqlarını, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirirdilər. Bu gün Zəfərimizin doğurduğu sevincə dövlətimizin başçısı İlham Əliyevin Silahlı Qüvvələrimizin bütün strukturlarında çalışan hərbçilərimizə diqqət və qayğısının bariz nümunəsi olan Sərəncamları daha böyük sevinc qatır, ictimaiyyət Ali Baş Komandanın bu mühüm addımlarını rəğbətlə qarşılayır. Dövlətimizn başçısı İlham Əliyevin 25 iyun 2021-ci il tarixli “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında”
Prezidentin Sərəncamı ordumuza diqqət və qayğının tərkib hissəsidir.
Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.
Reallıq budur ki, son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. Azərbaycan gəncliyinin hamisi kimi yeni nəslin nümayəndələrinin fiziki cəhətdən sağlam, müasir dünyagörüşlü, beynəlxalq tələbələrə uyğun idarəetmə bacarığına yiyələnmələrinə diqqətlə yanaşan, «Azərbaycan gəncliyinin inkişafına xidmət edən Dövlət Proqramının qəbulu ilə ölkə əhalisinin 40 faizini təşkil edən gənclərin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradan cənab İlham Əliyev Ali Baş Komandan kimi gənclərin hərbi xidmət zamanı göstərdikləri nizam intizam və hazırlıqlarından məmnun qalır: «Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.»
Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki, müstəqilliyin qorunmasını onun əldə olunmasından daha çətin olduğunu bildirən ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik. Azərbaycanın 2011-ci ildə 193 ölkdən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına iki illin sədrliyi öz üzərinə götürməsi, hazırda pandemiya dövründə dünyaya birlik, həmrəylik çağırışı edərək videoformat şəklində Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və buna yüksək səviyyədə nail olması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyinin göstəricisidir. Bunlar ölkəmizin qazandığı uğurlara, eyni zamanda, ədalətli mövqeyinə əsaslanır.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. İşğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı törətdikləri qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur. «Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqları işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur» sözləri ilə işğalçının aqibətinin mütləq məğlubiyyətlə nəticələnəcəyini bildirən Prezident İlham Əliyev Ermənistanın timsalında faşizmin bütün dünya üçün qorxulu bəla olduğunu göstərir, separatizmi, dini radikalizmi, etnik təmizləmə siyasətini dəstəkləyən qüvvələri haqqa, ədalətə çağırır.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.
Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə!
Keçidlər