Şəhid döyüşçünün təltif olunduğu medal ailəsinə təqdim edilib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Babayev Vüsal Sübbüh oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Avqustun 24-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş zabit Vüsal Babayevin təltif olunduğu “Füzulinin azad olunmasına görə” medalını ailə üzvülərinə təqdim etmişlər.
44 günlük Vətən müharibəsi dövründə bütün xalqımız kimi Pirallahı rayonunun sakinləri də Ali Baş Komandanın əmrlərinə hazır olmuş və ordu sıralarına böyük ruh yüksəkliyi göstərmişlər. Vətən uğrunda canından keçən Vüsal Babayev kimi mərd oğullar hər zaman qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqlar. Vətən müharibəsində şəhid və qazi olmuş igidlərimizin ailələri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunmuş və bu dəstək bundan sonra da bu davam edəcəkdir.
Şəhidin həyat yoldaşi Aynur Babayeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.