Şriftin ölçüsü :

Saytın rəngi :

08 Noyabr-Zəfər günü Pirallahı rayonunda təntənəli şəkildə qeyd olundu

08 noyabr 2021 | 11:00
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli Sərəncamına əsasən “08 Noyabr - Zəfər günü” bütün ölkə ərazisində olduğu kimi Pirallahı rayonunda da təntənəli şəkildə qeyd olundu. Noyabr ayının ilk günündən etibarən rayonun bayram əhval-ruhiyyəsində tərtibatı üçün Gürgən qəsəbəsinin girişində, Qala Divarlarının üzərində və mərkəzi yol boyu işıq dirəklərinə plakatlar asılmış, Qələbəmizin rəmzi olan “Xarı bülbül” emblemi və Zəfər günü ilə əlaqədar bannerlər bilboardlara vurulmuşdur. Əlavə olaraq mərkəzi küçə boyu yerləşən binaların eyvanlarında şanlı bayrağımız asılmışdır. Bununla yanaşı, Pirallahı rayonundan 44 günlük Vətən müharibəsində şəhid olmuş Babayev Vüsal Sübbuh oğlunun və Nəbiyev Elmar Elman oğlunun şəkilləri həkk olunmuş plakatlar da Gürgən qəsəbəsində, Qala Divarları üzərində asılmışdır.
      Həftə ərzində rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində şanlı zəfərimizin təbliğ olunması məqsədilə silsilə tədbirlər keçirilmiş, Vətən müharibəsi iştirakçıları ilə görüşlər reallaşdırılmış, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün Hərbi Qənimətlər Parkına və Tarix Diyarşünaslıq Muzeyinə “onlayn” turlar təşkil olunmuşdur. Əlavə olaraq, Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə yardım bağlamalarının verilməsi təmin olunmuşdur.
      08 noyabr 2021-ci il tarixində isə Zəfər gününün təntənəli surətdə qeyd olunması üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir çərçivəsində səhər saatlarından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə rayonun 44 şəhidinin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilmiş, ümumilikdə 3500 ağac və gül kolları əkilmişdir. Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı, Pirallahı rayonundan seçilmiş millət vəkili, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, YAP Pirallahı rayon təşkilatının sədri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin iştirakı ilə Gənclər Parkının qarşısından 100-150 nəfərin iştirakı ilə mərkəzi yolboyu “Vətən uğrunda” abidə-kompleksinədək yürüş təşkil olunmuşdur. Yürüş başa çatdıqdan sonra rayon rəhbərliyi tərəfindən  “Vətən uğrunda” abidə kompleksinin qarşısında əklil və gülqoyma mərasimi keçirilmiş, 4 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Zəfər günü” mövzusuna həsr olunmuş sərgiyə baxılmışdır.
      Daha sonra ümumrayon tədbirinin rəsmi hissəsinin açılışı baş tutdu. Dövlət himninin səsləndirilməsi  və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə RİH başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev və rayon Prokuroru Zaur Axundzadə çıxış etdi.
      Tədbir Pirallahı məktəbləri və mədəniyyət müəssisələri tərəfindən hazırlanan kompozisiya ilə sona çatdı.
 
 
 
 
 
 
 
 
 
Keçidlər