Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev irsinin öyrədilməsi davamlı xarakter daşıyır

14 mart 2014 | 11:00
  Pirallahı rayonunda Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 11-ci sinifdə təhsil alan şagirdlərə ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı silsilə tədbirlər keçirilir.
  Növbəti tədbir 11 mart 2014-cü il tarixdə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları, 186, 235 №-li məktəblərin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
  Tədbirdə “Əsrin müqaviləsi” mövzusunda Pirallahı rayon 186 №-li tam orta məktəbin tarix müəllimi Anjelika Surxayeva çıxış edərək, Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında yeni dövrün əsasının qoyulduğunu qeyd etdi. Bildirdi ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. “Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi. Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin istifadəyə verilməsinə baxmayaraq, bu kəmərlər Azərbaycanın getdikcə artan neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını ən aktual məsələ olaraq gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, beynəlxalq ictimai rəydə, guya, Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etməyə kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı əfsanə, utopiya hesab edirdilər. Lakin zaman ulu öndərimiz Heydər Əliyevin bütün başqa ideyaları kimi, bu konsepsiyasının da tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli bir layihə olduğunu sübuta yetirdi. “Üç dənizin əfsanəsi” reallığa çevrildi. Azərbaycan xalqının ümummilli lideri yenilməz siyasi iradə və qətiyyət nümayiş etdirərək bu istiqamətdə də başlanılmış işlərin uğurla sona çatdırılmasına nail oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi.”
  Tədbirin sonunda iştirakçılara Ulu Öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu. 11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslər mayın 19-dək davam edəcək. Bu dərslərdə Pirallahı rayonunun bütün məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub.
Keçidlər