“Könüllülük müasir dövrün çağırışıdır”
08 dekabr 2021-ci il tarixində Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Könüllülük müasir dövrün çağırışıdır” başlıqlı tədbir keçirilmişdir. Koronovirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq keçirilən tədbirdə ilk olaraq 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə könüllülər təbrik olunmuş və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilmişdir. Tədbirin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və ölkəmizdə və rayonumuzda könüllülük fəaliyyəti ilə bağlı hazırlanmış video-çarx nümayiş olunmuşdur.
Könüllülüyün təbliği və təşviqi, gənclərin bu istiqamətdə maarifləndirilməsi əsas məqsəd olaraq qəbul edilən tədbirdə ilk olaraq Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının baş məsləhətçisi Vüqar Nəsirov hesabat xarakterli nitqlə çıxış edərək YAP könüllülərinin bu günə qədərki fəaliyyəti ilə bağlı geniş məlumatı diqqətə çatdırdı. Xüsusilə, karantin rejimi dövründə və 44 günlük şanlı Vətən müharibəsi dövründə YAP könüllülərinin daim yüksək fəallıqla çalışdığını vurğulayan natiq könüllülər və ümumilikdə gənclərin həmin dövrdə mühüm rol oynadığını qeyd etdi.
Daha sonra 2015–ci il Birinci Avropa Oyunlarının və 2017-ci il Dördüncü İslam Həmrəylik Oyunlarının könüllüsü, Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şəbnəm Eldarova və 2015–ci il Birinci Avropa Oyunlarının könüllüsü, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova çıxış edərək könüllülüyün əsas prinsipləri, məqsədləri, vəzifələri və hüquqları barədə məlumat verdi. Bununla yanaşı, T.İskəndərova Vətən müharibəsi dövründə Qızıl Aypara Cəmiyyətinin bütün bölmələrinin üzvlərinin cəbhə bölgəsinə səfərlər edərək, şanlı əsgərlərimizə isti paltar, ərzaq və digər yardımları çatdırdığını, müharibədən sonrakı dövrdə də şəhid ailələrinə, qazilərə maddi və mənəvi köməkliyin göstərilməsində təşkilatın könüllülərinin fəaliyyətini qeyd etdi.