Şriftin ölçüsü :

Saytın rəngi :

Əbədiyaşar lider - Heydər Əliyev

10 dekabr 2021 | 11:00
     10 dekabr 2021-ci il tarixində YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu Öndərin həyat yolu vətənə və xalqa xidmət nümunəsidir” başlıqlı tədbir keçirilmişdir.
      Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirildikdən sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, otuz ildən artıq bir müddətdə  Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. O qeyd etdi ki, “1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Bir sözlə, Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq artıq əbədiyaşarlıq qazanmışdır”.
      Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirdi ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri  yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək taleyi baxımından  başlıca məzmunu azərbaycançılıqdır. Natiq öz çıxışında qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir.  Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona hər zaman dayaq olan ümummilli liderin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı. Qürur verici haldır ki, Ulu Öndərin memarı və qurucusu olduğu, hazırda böyük yüksəliş dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir.  Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb. Uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi.
       Daha sonra söz Pirallahı Rayon İcra Hakimiyyətinin birinci müavini Vəzir Səfixanova verildi. O vurğuladı ki,  Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi  hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki  misilsiz xidmətləri ilə  hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır.
       Tədbirdə çıxış edən digər  iştirakçılar – YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Məmləkət Qaraçobanova, veteran neftçi Səməd Əhmədov çıxışları zamanı  bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimizin çətin və şərəfli ömür yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər.
 
 
Keçidlər