Pirallahıda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib
Yanvarın 21-də Pirallahı rayonunda İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Pirallahı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elman Kazımov, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Samir Hüseynov və Arzu Abdullayev, “Abşeronneft” NQÇİ-nin rəisi Ramin Quliyev iştirak ediblər.
Tədbirdə polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elman Kazımov çıxış edərək, Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, uşaq hüquq və azadlıqlarının təmin olunması üzrə görülən işlərdən danışıb. Bildirib ki, bu işlərin səmərəliliyinin artırılması, yetkinlik yaşına çatmayanlar arasında aparılan profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə polis şöbəsinin narkotiklərlə mübarizə qrupu cari ildə rayonun ümumtəhsil məktəblərində mütəmadi olaraq “Narkomaniya ümumbəşəri bəladır“ mövzusunda maarifləndirici görüşlər təşkil edib. Natiq “ağ ölüm” adlandırılan narkomaniyanın, xüsusilə gənclər və yeniyetmələrdə törədə biləcəyi pis vərdişlərdən danışıb, bu bəladan uzaq olmağın yollarını diqqətə çatdırıb.
“Abşeronneft” NQÇİ-nin rəisi Ramin Quliyev, Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Hüseynov və digər çıxış edən natiqlər narkotik vasitələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdılar.
Sonda mövzu ilə bağlı verilmiş suallar cavablandırıldı.