Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Pirallahıda Novruz bayramı böyük coşqu ilə qeyd edildi

20 mart 2014 | 11:00
  Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə özünün müsbət nəticələrini verməkdədir. Ölkəmiz sürətlə inkişaf edir, regionun lider dövləti olan Azərbaycan yeniləşir, müasirləşir və modernləşir. Azərbaycanın iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarında sürətli inkişaf, böyük tərəqqi əldə edilir. Özünün şah əsəri olan müstəqil Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi, müasirləşmə strategiyasının həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atmış ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir.
  Bu vacib istiqamətdə mühüm addımlardan biri kimi Prezident İlham Əliyev 2012-ci il dekabrın 21-də Bakı şəhəri inzibati ərazi vahidi tərkibində Pirallahı rayonu yaradılması haqqında Azərbaycan Respublikası Qanununu imzalamış və bununla da Pirallahı və Çilov adalarında, eyni zamanda əfsanəvi Neft Daşlarında yeni quruculuq işlərinə start verilmişdir. Bu günlərdə Pirallahı rayonunun bütün ərazisi yenidənqurma və abadlıq işləri ilə əhatə olunmuşdur. Əlamətdar haldır ki, bu il Pirallahı rayonunda Novruz bayramı artıq ikinci dəfə qeyd ediləcəkdir. Hələ bayram ərəfəsində Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq mart ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgan qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmişdir. Novruz bayramı münasibətilə  aztəminatlı ailələrə ərzaq yardımı çatdırılmışdır.
  Pirallahı rayonunun əsas Novruz bayramı tədbiri martın 19-da təşkil edildi. Bayram tədbirinə saat 15.00-da Gənclər Parkında start verildi. Bayramsayağı bəzədilmiş Parka daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkili Aydın Mirzəzadəni, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni və digər qonaqları Bahar qızı bayram xonçası ilə qarşıladı. Kosa və Keçəl, milli geyimli çaparlar, zurnaçılar dəstəsi bayram tədbirinə xüsusi rövnəq verirdi. Milli paltarda olan oğlan və qızlar qonaqlara müxtəlif milli idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdirdilər. Bir-birinin ardınca meydana daxil olan güləşçilər, karateçilər, cüdoçular, ağırlıq qaldıranlar, daş oynadanlar öz məharətlərini göstərdilər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı da maraqla qarşılandı. “Neftçi” İSM-in Pirallahı stadionunun, Pirallahı idman zalının, orta məktəblərin təmsilçiləri yarışlarda daha çox fərqləndilər.
  Meydanın digər tərəfində isə kimi səməni halvası çalır, sacda yuxa, şəkərbura, paxlava bişirir, kimi də aş süzür, cəhrədə ip əyirir, xına yaxırdı... Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, Uşaq Yaradıcılıq Mərkəzi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzi öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Üzbəüzdə qurulmuş 10 molbert üzərində rəsm studiyasının yetirmələri Novruz mövzusunda improvizasiya ilə məşğul idilər...
  El ağsaqqalı Dədə Qorqud məşəli Vasif İmanova təqdim etdi. Rayon İcra Hakimiyyətinin başçısı Novruz tonqalını alovlandırdı. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən V.İmanov ulu Novruz bayramı haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Bildirildi ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.
  Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev ulu Novruz bayramının ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il cənab Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olmuşdur. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
  Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər bu kateqoriyadan olan insanların  da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bu günkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona çevrilməsi vəzifəsinin  birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi. Daha sonra “Novruz-2014” silsilə tədbirləri çərçivəsində idman yarışlarında fərqlənən 3 qalib komandaya Rayon İcra Hakimiyyətinin Fəxri fərman və kubokları, 2013-cü ildə rayonda keçirilən tədbirlərdə fəal iştirak edən 6 məktəbliyə və ötən il beynəlxalq və respublika səviyyəli idman yarışlarında yüksək nəticələr əldə etmiş 4 idmançıya Fəxri fərman və pul mükafatları təqdim olundu.
  Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə və digər qonaqlar da Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik etdilər, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladılar. Bayram tədbiri mədəniyyət işçilərinin ifasında konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək  davam etdi və bayram atəşfəşanlığı ilə yekunlaşdı.
  Rəngarəng Novruz bayramı tədbirləri Çilov adası və Neft Daşlarında da təşkil edilmişdi.
Keçidlər