Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda növbəti səyyar qəbul keçirildi

19 mart 2022 | 11:00
Martın 18-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Pirallahı qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov hamını salamlayaraq xalqımızın milli bayramlarından biri olan Novruz Bayramı münasibətilə təbrik etdi. Bildirildi ki, son iki il ərzində pandemiya ilə əlaqədar Xüsusi Karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə fasilə verilmiş, lakin buna baxmayaraq, bu müddət ərzində sakinlərin istək və tələblərini nəzərə alaraq, onlarla fərdi qaydada qəbullar keçirilmiş və problemlərinin həlli istiqamətində müvafiq addımlar atılmışdır.
Vasif İmanov diqqətə çatdırdı ki, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Qeyd edildi ki, DOST İş Mərkəzi vasitəsi ilə 90 mindən artıq ödənişli ictimai iş yerləri yaradılmışdır. Pirallahı rayonunda da  yaradılmış 262 ictimai iş yerində rayon sakinləri çalışır . Onu da qeyd edək ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarina əsasən, Pirallahı, Çilov və Neft Daşları qəsəbələrində çalışan işçilər üçün vəzifə maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq əlavələr verilir ki, bu da rayonumuzda çalışan əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırır.  Həmçinin, sosial sahədə aparılan islahatların nəticəsində əhalinin əməkhaqqı, sosial müavinətləri, pensiyaları artırılır, aztəminatlı ailələrə yardımlar göstərilir. Pirallahı rayonunda da bu qəbildən olan insanlar daim diqqət mərkəzində saxlanılır, daim ziyarət olunur, köməklik göstərilir. Bildiyimiz kimi, ölkə başçısı Cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Vətən müharibəsi iştirakçılarına Müharibə veteranı statusu verildi. Həmin statusa malik şəxslər ayda 80 manat müavinət alacaqlar.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, aztəminatlı ailələrin problemlərini  və həlli istiqamətində görülən işləri daim diqqət mərkəzində saxlayır. Bildiyiniz kimi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  Rəşadətli Ordumuz 30 ildən artıq həsrət qaldığımız torpaqları mənfur düşməndən geri qaytardı. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, xalqın Prezidentin ətrafına birləşməsi, hərbi potensialın artırılması, ölkəmizin  sabitliyi imkan verdi ki, biz bu torpaqları azad edək. Bütün bunlar asan başa gəlmədi, 3000-ə yaxın igidimiz şəhidlik zirvəsinə ucaldı. Rayonumuzun 100-ə yaxın könüllüsü müharibədə iştirak etdi. 1-ci Qarabağ müharibəsində 20 mindən artıq itki verdik, amma Vətən müharibəsi zamanı biz şəhidlərimizin  qisasını ala bildik.
Rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan Vasif İmanov Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək nəticələr əldə edəcəyini qeyd etdi. Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən müvafiq işlə təmin olunma, iş yerinin dəyişdirilməsi ilə bağlı, həmçinin rayonun müəyyən ərazilərinə kanalizasiya xəttinin çəkilməsi üçün müraciət etdilər.  Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.
Tədbirin sonunda RİH başçısı bir daha hamını Novruz Bayramı münasibətilə təbrik edərək martın 19-da Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi “Abad Məhəllə”də keçiriləcək  bayram şənliyinə dəvət etdi.
 
 
Keçidlər