Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi

19 mart 2022 | 11:00
     Azərbaycan xalqı öz zəngin maddi-mənəvi irsi, adət-ənənələri, milli bayramları ilə zəngindir. Novruz da xalqımızın hər ilə təntənəli və ruh yüksəkliyi ilə qeyd etdiyi əziz bayramlardan biridir. Bu il qalib xalq olaraq növbəti Bahar bayramını, Novruz bayramını qarşılamağa hazırlaşırıq. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 44 günlük Vətən müharibəsindən sonra Novruz bayramı daha da təntənəli şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, 07 mart 2022-ci il tarixdən etibarən rayonun bütün idarə, təşkilat və müəssisələrində Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur.  Çilov, Neft Daşları, Gürgən qəsəbələrində və xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kompaniyası həyata keçirilmişdir.
     Silsilə tədbirlər 19 mart 2022-ci il tarixdə Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən Abad Məhəllədə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon bayram şənliyi ilə yekunlaşdı. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, idarə, müəsisə, təşkilat rəhbərləri, RİH əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, 1-ci Qarabağ və Vətən müharibəsi veteranları, ümumilikdə 500 dən çox rayon sakini iştirak etmişdir. Qeyd edək ki, Novruz şənliyinin keçirildiyi Abad məhəllə “İDEA” İctimai Birliyinin dəstəyi  ilə inşa edilmişdir. Ərazinin sahəsi 1,5 hektar, binalarda yaşayan əhalinin ümumi sayı 390 nəfərdir. Görülmüş işlər çərçivəsində məhəllədaxili yollara asfalt örtüyü çəkilmiş və bardürlər qoyulmuşdur. Yaşayış binalarının fasadları, dam örtükləri, girişləri təmir olunmuşdur. Söhbətgahlar, uşaq oyun meydançaları, böyüklər üçün idman meydançası, futbol meydançası, şahmat meydançası, oturacaqlar quraşdırılmışdır. Yaşıllıq ətrafı piyada yollarına və səkilərə isə tamet örtüyü döşənilmişdir. Məhəllə gecə işıq dirəkləri ilə təmin olunmuşdur. Qazon örtüyü, ağac və gül kolları əkilmişdir.
     Abad məhəlləyə daxil olan qonaqları Dədə Qorqud qarşıladı. Rayon məktəbliləri arasında müxtəlif idman növləri üzrə Novruza bayramına həsr olunmuş şahmat, karate və futbol yarışları qonaqlar tərəfindən böyük maraqla izləndi. Sonra tədbir iştirakçıları məktəblilərin hazırladığı milli eksponatlardan ibarət sərgiyə baxdılar. Kosa və Keçəl bayram tədbirinə xüsusi rəng verdilər. Qonaqları alqışlayan el ağsaqqalı Dədə Qorqud məşəli Vasif İmanova təqdim etdi və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı.
      Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayon ictimaiyyətini salamlayaraq xalqımızın əziz günlərindən biri olan Novruz bayramı münasibətilə təbrik etdi və onlara bol ruzi, ailələrinə əmin-amanlıq, işlərində müvəffəqiyyətlər arzuladı. Həmçinin sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik etdi və ən xoş arzularını çatdırdı. Natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra babalarımızdan bizə miras qalmış Novruz bayramı milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başlanmışdır. Milli-mənəvi dəyərlərimizin qorunmasının, vaxtı ilə qadağa qoyulan milli bayramımızın Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Hələ 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev öz çıxışında ən böyük arzusunu dilə gətirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır!” Belə də oldu, hər bir vətəndaşımızın böyük həsrətlə gözlədiyi o gün gəlib çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Qaniçən, vandal və vəhşi xislətli işğalçıların söndürdüyü, soyutduğu yüz minlərlə ocağımızı Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev Şuşada - Cıdır düzündə bir tonqalı yandırmaqla yenidən isitdi. Artıq Ulu Öndərin və Vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın ruhu şaddır. İndi sonsuz qürur və iftixar hissi ilə bəyan edirik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmən üzərində inamlı qələbə qazanaraq tarixi torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanımızın ərazi bütövlüyü bərpa edildi, Azərbaycan xalqı öz arzusuna qovuşdu. Artıq Novruz bayramını Şuşada, Cıdır düzündə sevinclə və fəxarətlə qeyd edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Bu torpaqlar bizimdir və biz burada əbədi yaşayacağıq”. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, vətənimizin zəngin təbii sərvətlərinin, maddi-mənəvi irsinin qorunub, saxlanılması və təbliğ edilməsi, eləcə də mədəniyyətimizin və incəsənətimizin dünyaya tanıdılması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulamaq vacibdir.
      Natiq dünyada gedən proseslərə də toxunaraq qeyd etdi ki, respublikamız dünyada sülhyaratma missiyasını daim layiqincə yerinə yetirir, bu istiqamətdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə qlobal təhlükəsizliyin təmin olunmasında fəal rol oynayır. Həmçinin, ölkə rəhbərliyi hər zaman hərbi münaqişələrə qarşı fikir bəyan etmiş və bütün silahlı toqquşmaların sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış etmişdir. Məlum münaqişədən sonra paytaxtımız ilə qardaşlaşmış Kiyev şəhərinə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri böyük miqyasda humanitar yardım göndərmişdir. Bu humanist aksiyaya Pirallahı rayonu da qoşulmuşdur.
      Vasif İmanov vurğuladı ki, ölkə başçısı cənab İlham Əliyev yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi - Novruz bayramını daim yüksək qiymətləndirmiş və bu ümumxalq bayramının ölkə ərazisində təntənə ilə keçirilməsi ilə bağlı addımlar atmış və 19 mart 2022-ci il tarixdə Azərbaycan xalqını təbrik edərək ən xoş arzularını çatdırmışdır. Respublikamızın bütün  ərazisində olduğu kimi Pirallahı rayonunda da Novruz bayramı hər zaman yüksək əhval-ruhiyyədə qeyd olunmuşdur. Rayonumuzda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində, körpələr evi-uşaq bağçalarında, idarə və təşkilatlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olmaqla Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilmişdir. Həmçinin Novruz bayramı ərəfəsində Pirallahı Rayon İcra Hakimiyyəti, YAŞAT Fondu və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının dəstəyi ilə Pirallahı rayonunda şəhid ailələrinə, Vətən müharibəsi veteranlarına və həssas təbəqədən olan insanlara bayram sovqatları paylanılmışdır. Keçirilən tədbirlər zamanı məktəblərdə, bağçalarda uşaqlara  900-dək çox bayram sovqatı verilmişdir. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayon sakinlərini bir daha təbrik edərək onlara ən xoş arzularını çatdırdı.
      Daha sonra tədbir bədii hissə ilə davam etdi. Musiqiçilər tərəfindən zövq oxşayan musiqi nömrələri, şeirlər, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri,  xüsusi zövqlə bəzədilmiş sərgilər  tədbiri daha da rəngarəng edərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş etdi.
      Sonda tədbirdə iştirak edən uşaqlara bayram hədiyyələri verildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər