Şriftin ölçüsü :

Saytın rəngi :

“Mehriban xanım Əliyevanın timsalında humanizm və yumşaq güc diplomatiyasının təcəssümü, beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzu” mövzusunda tədbir keçirildi

29 mart 2022 | 11:00
       Martın 29-da Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Mehriban xanım Əliyevanın timsalında humanizm və yumşaq güc diplomatiyasının təcəssümü, beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzu” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkilləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Sevinc Fətəliyeva və Milli Məclisin Əmək və sosial siyasət; Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.
      İlk öncə 31 mart- Soyqırımı qurbanlarının  və Qarabağın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
       Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müxtəlif sahələrdə gördüyü əvəzsiz işlərdən danışdı. Natiq bildirdi ki, Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. O, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən,  keçmiş məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Pirallahı rayonunda da məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün 306 mənzildən ibarət yaşayış kompleksi və 220 yerlik məktəb inşa edildi. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və Mehriban xanım Əliyeva Pirallahı rayonuna bir neçə dəfə səfər etmişdir. Bu səfərlərin hər biri əhalidə yüksək əhval ruhiyyə yaratmaqla, rayonun inkişafına güclü təkan vermişdir. Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Həydər Əliyev Fondu bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.
      Natiq bildirdi ki, 44 günlük Vətən müharibəsində də Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olaraq mənfur düşmən üzərində qazanılmış tarixi Qələbəyə öz töhfəsini vermişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən müharibəsinin ilk günlərində xalqa müraciət edərək bildirmişdir ki: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. Artıq bu gün azad olunmuş torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.
      Sonra millət vəkili Sevinc Fətəliyeva çıxış edərək bildirdi ki, Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransada, Pakistanda, Cibutidə, Bosniya və Herseqovinada, Misirdə, Hindistanda və digər ölkələrdə önəmli layihələr icra edib. Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir. Yorulmaz fəaliyyətinə görə Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESKO-nun “Qızıl Motsart” medalı və s. ali orden və medallarla mükafatlandırılmışdır. Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır.
Daha sonra millət vəkili qeyd etdi ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində davamlı, məqsədyönlü iş aparılır. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət günləri və digər tədbirlər keçirilir. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını buna misal göstərmək olar.
       YAP Pirallahı rayon təşkilatının fəalı Aysel Qəribli çıxış edərək bildirdi ki, yeniyetmə və gənclərlə aparılan işlər  Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biridir. Mehriban xanım Əliyevanın gənclərə olan qayğısı, onların respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirdiyi layihələr bunun bariz nümunəsidir. Bütün bu layihələr gənclərin maraq dairəsinə aid olan sahələrlə bağlıdır. Mehriban xanım Əliyeva özünün birbaşa, fəal müdaxiləsi sayəsində cəmiyyətin diqqətini bir qayda olaraq qayğıya, köməyə ehtiyac duyulan məsələlərə yönəldir, zəruri problemləri ictimailəşdirir və onların həllinə nail olur. Şübhə yoxdur ki, ölkəmizdə gənclərə göstərilən qayğı, onların problemlərinin həllinə yönəldilən sərmayələr son nəticədə insan potensialı, intellektual sərvət şəklində təzahür edəcəkdir.
       Millət vəkilli Rauf Əliyev çıxış edərək bildirdi ki, koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə infeksiya ilə mübarizə, vətəndaşlarımızın sağlamlıqlarının qorunması istiqamətində effektiv addımlar atıldı və bu işlər hazırda da davam etdirilir. “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”, - deyə xalqa müraciət ünvanlayan birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər zaman olduğu kimi, pandemiya dövründə də xüsusi qayğıya ehtiyacı olan insanlara, əhalinin həssas təbəqəsinə xüsusi qayğı ilə yanaşıb və yanaşmaqdadır. Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib. Əhalinin sağlamlığı məsələsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü olan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Azərbaycanın birinci xanımının tapşırığına əsasən aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.
       Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların öz fəaliyyətini bu istiqamətdə  qurmasının vacibliyini vurğuladı.
 
 
Keçidlər