Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir

05 aprel 2014 | 10:00
  Pirallahı rayonunda “Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” proqramı çərçivəsində silsilə tədbirlər davam etdirilir. Bu mövzuda növbəti açıq dərs 3 aprel 2014-cü il tarixdə 168 №-li tam orta məktəbin akt zalında keçirildi. Xatırladaq ki, bundan əvvəl 1 aprel 2014-cü il tarixdə 186 №-li tam orta məktəbin akt zalında mövzuya dair seminar keçirilmişdi.
   Açıq dərsdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Pirallahı Rayon Polis Şöbəsinin Yeniyetmələrlə iş üzrə müvəkkili Kənan Nuriyev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Güllü Məmmədova, 168, 243 №-li məktəblərin müəllim heyəti və 8-10-cu sinif şagirdləri iştirak etdilər.
  Pirallahı rayon 168 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov tədbiri açıq elan edərək narkomaniyaya qarşı profilaktik tədbirlərin zəruriliyini vurğuladı. Qeyd etdi ki, ölkədə rəsmi olaraq narkotik istifadəçisi olanların sayı 25 min nəfərdən çoxdur və bu məsələ ictimaiyyət üçün böyük təhlükəyə çevrilir.
   Pirallahı rayon 243 №-li tam orta məktəbin direktoru Vaqif Tanrıverdili bildirdi ki, narkomaniyaya qarşı mübarizəni dövlətimiz əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Dövlətimizin başçısı narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə sayca dördüncü olan müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Samir Hüseynov öz çıxışında bildirdi ki, Azərbaycanda bu problemin həlli istiqamətində ardıcıl və genişmiqyaslı işlər həyata keçirilir. Xüsusi qeyd olundu ki, narkomaniya xəstəliyinin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması çox vacibdir.
   Növbəti açıq dərs Gürgan qəsəbəsində yerləşən 231 №-li tam orta məktəbin akt zalında keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Pirallahı Rayon Polis Şöbəsinin Yeniyetmələrlə iş üzrə müvəkkili Kənan Nuriyev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini Kəmalə Mustafayeva, 231 №-li məktəbin müəllim heyəti və 8-10-cu sinif şagirdləri iştirak etdilər.
Pirallahı rayonunun Gürgan qəsəbəsində yerləşən 231 №-li tam orta məktəbin direktoru Mehparə Mansırova hamını salamlayaraq qeyd etdi ki, narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir və elə bu səbəbdən də Azərbaycan Respublikasının bütün aidiyyəti dövlət orqanaları narkomanlıqla ciddi şəkildə mübarizə aparırlar.
   Açıq dərsdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi Namiq Hüseynov öz çıxışında bildirdi ki, günümüzün ən böyük problemlərindən olan narkomaniya bəlası ilə hər bir vətəndaşımız qarşılaşa bilər və bu bəladan heç kəs sığortalanmayıb. Problemin həllində cəmiyyətin bütün təbəqələri, kimliyindən asılı olmayaraq hər bir vətəndaş xüsusi fəallıq göstərməlidir.
Çıxışların sonunda şagirdlərin sualları cavablandırıldı və mövzuya aid videoçarx nümayiş olundu.
Keçidlər