20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
19 yanvar 2023 | 15:27
Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 33 ili tamam olur. Bu münasibətlə Pirallahı rayonunda yerləşən mədəniyyət ocaqları, uşaq bağçaları və ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur.
Pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilmiş tədbirlərdə şəhidlərin əziz xatirəsi yad edilmiş və qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Faciədən 33 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur.
Çıxış edən natiqlər bildirmişdir ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ rəhbərliyini ittiham edib. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar oldular və Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Bugün Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzindədir. Azərbaycan xalqının qan yaddaşı bu faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Keçirilən tədbirlərdə şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şerlər dinlənilmiş və kompozisiyalar nümayiş olunmuşdur.