Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda alternativ enerji mənbələri yaradılır

08 aprel 2014 | 10:00
  Ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq geniş abadlıq-quruculuq işləri davam etdirilir. Son aylar rayonda aparılan abadlıq və quruculuq işləri rayonun görkəmini yaxşılığa doğru dəyişmiş, bir sıra yeni obyektlərin tikintisinə başlanmışdır. İnşaat işlərinə başlanmış yeni obyektlərdən biri də Günəş elektrik stansiyasıdır.
  Bu stansiyanın inşa edilməsi məqsədilə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmışdır. Qısa müddət ərzində torpaq sahəsi, layihə və tikinti sənədləri ilə əlaqədar bütün məsələlər Bakı Şəhər İcra Hakimiyyətində, Şəhərsalma və Arxitektura Komitəsində, eləcə də Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış və Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinə start verilmişdir.
   Məlum olduğu kimi ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqramda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli də öz əksini tapmışdır. Dövlət başçısının təsdiq etdiyi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində əldə ediləcək nəticələr sırasında adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması məsələləri də xüsusi vurğulanmışdır. Tikintisinə başlanılmış Günəş elektrik stansiyası möhtərəm Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin davamlı yerinə yetirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.  Qısa müddət ərzində istismara verilməsi nəzərdə tutulan 2.8 meqavat gücündə Günəş elektrik stansiyası alternativ və bərpa olunan enerji mənbələrinin tətbiq edilməsi, enerjidən səmərəli istifadə olunması, adanın enerji dayanıqlığının təmin edilməsi, perspektivdə isə digər enerji mənbələrindən imtina olunaraq Pirallahı rayonunun yalnız bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi ilə təchiz olunması istiqamətində irəliyə doğru atılmış böyük bir addım olacaqdır.
Keçidlər