Rayonumuzda səyyar qəbullar davam etdirilir
29 iyul 2022 | 17:30
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 29 iyul 2022-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür. Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə düşür. Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq. Qeyd edildi ki, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Məhərrəmlik mərasimləri ilə bağlı xüsusi qərargah yaradılmış, rayonun aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının qarşısında konkret vəzifələr müəyyən olunmuşdur. Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırıldı.
Natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Ötən 19 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, respublikamız sürətlə inkişaf etmiş, parlaq nailiyyətlər qazanmış, bütün sahələrdə tərəqqi baş vermişdir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası nəticəsində elə bir sahə olmayıb ki, orada islahatlar aparılmasın və inkişaf olmasın. Beləliklə, 3 Dövlət proqramının icra olunduğu 2004-2018-ci illərin sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, ümumi daxili məhsulun 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə artımın 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə olduğunu müşahidə edə bilərik. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Qısaca demək olar ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Dövlət proqramlarının icrası paytaxt Bakı ilə yanaşı regionların da mənzərəsini xeyli dəyişdirmişdir. Regionlarda infrastruktur layihələrin icrası nəticəsində qazlaşdırma, elektrik enerjisi ilə təchizat və digər məsələlərlə yanaşı sosial layihələr də icra olunmuş, bunun da nəticəsində rayonlarda müasir tipli səhiyyə, mədəniyyət və təhsil müəssisələri tikilib istifadəyə verilmişdir. Bütün bu nailiyyətlərlə yanaşı, gözdən qaçırmaq olmaz ki, görülən işlər, həyata keçirilən islahatlar yaxşı rəhbər kadrlarla dəstəklənmədikdə onların səmərəli nəticəsindən danışmaq qeyri-mümkün olur. Bütün bunları ölkə başçısı iyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunan RİH başçılarını qəbul edərkən söylədi. Eyni zamanda, Prezident kadr islahatlarından danışmış, onların hər birinə ciddi tövsiyyələr verərək vəzifə səlahiyyətlərini icra edərkən korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə, sosial ədalət prinsipinə bağlılıq, şəhid ailələrinə, müharibə iştirakçılarına diqqət, insanlarla sıx təmas, ekologiyaya qayğı, fəaliyyəti dövründə şəffaflığın artırılması prinsiplərini rəhbər tutmağı tapşırmışdır.
Qeyd edildi ki, şəhid ailələri və müharibə əlilləri dövlətimizin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri əsasında şəhid ailələri və müharibə əlilləri üçün yaşayış komplekslərinin, şəhərciklərin inşa edilməsi, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir. Belə ki, son 19 il ərzində yüzlərlə şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunub. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Xüsusilə 2022-ci ilin büdcəsində sosialyönümlü xərclərin həcmi 13,5 faiz artırılaraq 13,851 milyard manata çatdırılıb ki, burada da məqsəd şəhid ailələrinin və qazilərin rifah halının daha da yüksəldilməsidir. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı xəsarət alan, lakin sığorta məbləğini almayan hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul olunan öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsindən 67 milyon manat vəsait ayrılıb. Şəhid ailələri və müharibə əlillərinə bu il ərzində ümumilikdə 3 min mənzil və fərdi evin verilməsi planlaşdırılır. Artıq 1 900 mənzil bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11,1 min şəhid ailəsi və müharibə əlilinə mənzillər və fərdi evlər verilib. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə bu kateqoriyadan olan insanlara daha 11 min mənzil və fərdi evlərin verilməsi nəzərdə tutulur. İkinci Qarabağ müharibəsindən sonra 6 mindən çox qaziyə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda bu işlər davam etdirilir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.