Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Vüsal Babayevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir

25 oktyabr 2022 | 18:28
     25 oktyabr 2022-ci il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Babayev Vüsal Sübbuh oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdən öncə RİH başçısı Vasif İmanovun rəhbərliyi ilə hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları və ailə üzvləri tərəfindən şəhidin İkinci Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunaraq, üzərinə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.
     Tədbirin rəsmi hissəsi Pirallahı rayon Gənclər Mərkəzində keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Qayğıya Ehtiyacı və Əlilliyi olan şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu, İctimai Şuranın üzvləri, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri, şəhidin döyüş yoldaşları və ailə üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak etmişlər.
     Tədbirin keçirildiyi akt zalında Şəhid Vüsal Babayevin şəkilləri, portretləri, medalları, şəxsi əşyaları və şəhidə həsr olunmuş kitab və çap məhsullarından ibarət sərgi təşkil olunmuşdur. Tədbir dövlət himninin səsləndirilməsi, Ümummili lider Heydər Əliyevin və şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışmış, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirmişdir. Hazırda Azərbaycanın möhtəşəm inkişaf dövrünü yaşadığını qeyd edən natiq, bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. V.İmanov nitqinin sonunda şəhid baş leytenant Vüsal Babayevin timsalında hər bir  şəhidin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğuladı. Əlavə olaraq, natiq Pirallahı rayonundan onlarla gəncin Vətən müharibəsində qəhrəmancasına iştirak etdiyini və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunduğunu bildirdi.
       Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, hərbi hissə komandiri, polkovnik-leytenant Anar Mirzəyev  torpaqlarımızın azadlığı uğrunda döyüşən oğullarımızın böyük qəhrəmanlıq göstərdiyini qeyd edərək, bu yolda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirdi. Vüsal Babayevin hərbi hissə komandiri olmuş A.Mirzəyev şəhid haqqında danışarkən onun nə qədər vətənpərvər və cəsur zabit olduğunu dəfələrlə dilə gətirdi. Ölümün gözünə dik baxan vətən oğullarının müqəddəs ruhlarının hər zaman millətimiz tərəfindən uca tutulduğunu vurğulayan natiq, şəhidin övladlarının böyüyüb ataları ilə fəxr edəcəyini əminliklə ifadə etdi.
         Növbəti olaraq çıxış edən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirdi ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.  Vətənpərvərliyin ən ali məqamının şəhidlik olduğunu qeyd edən natiq, bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların adlarının daim hörmətlə xatırlanacağına əminliyini ifadə etdi. Natiq onu da qeyd etdi ki, özlərindən sonra bitib tükənməyən qəhrəmanlıq salnamaləri yazan bu igidlər gələcək nəsillərə örnəkdir.
     Qayğıya Ehtiyacı və Əlilliyi olan şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu bütün şəhid valideynlərinin, həyat yoldaşlarının qarşısında baş əydiyini bildirərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vüsal kimi qəhrəman oğullarımızın sayəsində  torpaqlarımız yağı düşmən tapdağından xilas olmuşdur. Qarabağda, eləcə də Vətənimizin digər guşələrində işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılan müharibədə  igid oğullarımız hünər və qeyrətini silaha çevirib döyüşlərdə Zəfər qazanmışdır. Çıxışın sonunda İctimai Birlik tərəfindən hazırlanan “Zəfər” diplomu şəhidin həyat yoldaşı Aynur Babayevaya təqdim olundu.
     Tədbirdə şəhidin komandirləri, əsgərləri və müəllimi şəhidlə bağlı öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Şəhid baş leytenant V.Babayevin nə qədər vətənpərvər, əxlaqlı, nümunəvi və qorxmaz bir zabit  olduğunu qeyd edən döyüş yoldaşları onun vətənimizin düşmən işğalından azad olunması yolunda göstərdiyi şücaətlərdən fərəhlə danışdılar.
      Sonda Şəhid baş leytenant V.Babayevin  həyat yoldaşı Aynur Babayeva çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi. V.Babayevin vətəni düşməndən qoruyaraq ona layiqli oğul olduğunu vurğulayan şəhid xanımı bütün şəhidlərimizin xatirəsinin dövlətimiz və millətimiz tərəfindən daima yüksək tutularaq ehtiramla anıldığını qeyd etdi. Sonda A.Babayeva şəhid xanımı olaraq Vüsalın vətənə əmanət qoyub getdiyi iki qız övladını öz atalarının adına layiq böyüdəcəyini, onları gələcəkdə dövlətimizin inkişafı və çiçəklənməsi naminə layiqli vətəndaş kimi yetişdirəcəyinə söz verdi.
         Əlavə olaraq Vüsal Babayevlə birgə hərbi xidmətdə olaraq qəhrəmancasına şəhid olmuş iki döyüş yoldaşının anaları çıxış edərək öz övladlarının qanının yerdə qalmadığını, şanlı Ordumuzun qələbəsinin və dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının onlar üçün ən böyük təsəlli olduğunu qeyd etdilər. 
         Tədbirin sonunda məktəblilərin ifasında vətənə və şəhidlərə həsr olunmuş şerlər səsləndirildi.
         Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər