Müstəqillik günü ilə bağlı tədbir keçirilib
Mayın 27-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir. Bakı şəhəri 168 nömrəli tam ota məktəbdə keçirilən tədbirdə RİH başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Piarallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə qonaqlar “Müstəqillik günü” ilə əlaqədar məktəblilərin əl işlərindən ibarət sərgiyə baxmışlar. Tədbirdə dövlət himnimiz səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Natiq həmçinin qeyd edib ki, Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunmuş və Azərbaycan Xalq Cumhuriyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. 44 günlük Vətən müharbəsində əldə etdiyimiz tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd edən natiq Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” ifadəsi ilə çıxışını yekunlaşdırmışdır.
Sonra YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətindən, o cümlədən, dövlət və ordu quruculuğundan, aparılan sosial, siyasi və təhsil islahatlarından danışaraq bildirmişdir ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edir. Natiq, bu gün xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda əsl qəhrəmanlıq və dəyanət nümayiş etdirdiyini vurğuladı.
Daha sonra Pirallahı rayon sakini Səmayə Tomarovanın “Şəhidlər, qazilər və müharibə iştirakçıları” adlı şerlər kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində çıxış edən Prezident təqaüdçüsü, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, şəhid bacısı Zərəngiz Mansurova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirdaməd Əzizov çıxış edərək kitab haqqında öz fikirlərini bildirmiş, kitabın müəllifinə şəhid və müharibə iştirakçılarına göstərdiyi diqqətə görə minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirdə rayonda fəaliyyət göstərən uşaq müəssuisələrinin və ümumtəhsil məktəblərin kollektivlərinin vətənə, şəhidlərimizə həsr olunmuş kompozisiyaları təqdim edildi.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup ziyalıya Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon Təşkilatının fəxri fərmanları təqdim olunmuşdur.