“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibətilə silsilə tədbirlər keçirildi
02 iyun 2022 | 09:16
“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibətilə rayonda fəaliyyət göstərən təhsil və mədəniyyət ocaqlarında bayram tədbirləri keçirildi. 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Pirallahı RİH-nin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, uşaqlar və məktəblilər iştirak etdilər.
İlk öncə tədbirdə uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilmiş, rəqs nümunələri və vətənpərvərlik mövzusuna aid mahnılar ifa olunmuşdur. Bayram günü münasibətilə Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən balaca fidanlara hədiyyələr paylanıldı.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov bu əlamətdar gün münasibətilə uşaqları təbrik edərək bildirmişdir ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə görməsi, vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ümummilli liderimizin daim diqqət mərkəzində olub. Bir çox uşaq sağlamlıq mərkəzləri, idman kompleksləri, eləcə də təhsil müəssisələri məhz onun rəhbərliyi illərində, bilavasitə şəxsi tövsiyə və göstərişləri əsasında yaradılaraq uşaqların istifadəsinə verilib.
Ulu Öndər Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə V.Mustafazadə adına Mədəniyyət Mərkəzində də bayram tədbiri keçirilmişdir. Uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.