Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda səyyar qəbullar davam etdirilir

03 iyun 2022 | 17:58
    Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 03 iyun 2022-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
    Vasif İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
      Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, 44 günlük müharibə zamanı ölkəmizin yanında olan, “Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk xalqının dəstəyi ölkəmizə güc verdi, daha böyük ruh yüksəkliyi ilə irəliyə doğru addımlamağımızı şərtləndirdi. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalın keçirilməsi Azərbaycanın və qardaş Türkiyənin çağdaş tarixində olduqca mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisədir. Festival Azərbaycan – Türkiyə dostluğunun, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin parlaq nümunəsidir. Bu həm də pozulmaz və əbədi əlaqələrimizin yeni, daha yüksək mərhələyə qədəm qoymasından, hər iki dövlətin ildən-ilə artan nüfuzundan, elmi texniki potensialından, hərbi qüdrətindən xəbər verir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət qardaş ölkələrimizin inkişafı ilə bərabər, dünyada sül­hün, əmin-amanlığın, təhlükəsizliyin təmin olun­masına xidmət edir.
    Diqqətə çatdırıldı ki,  işğaldan azad olunan ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı tez-tez həmin ərazilərə səfər edir, müvafiq tapşırıqlar verir. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak etmişdilər. Müstəqillik günü ərəfəsində Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı ilə Böyük Qayıdışa start verildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur hər gün canlanır, öz  tarixi və əbədi sakinlərini qarşılamağa hazırlaşır. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur.
      Vasif İmanov bildirdi ki, Bakıda keçirilən “Bakı Enerji Həftəsi” Azərbaycanın ev sahibliyi etdiyi növbəti böyük tədbir kimi uzun müddət yaddaşlarda qalacaq.  ABŞ Prezi­denti Cozef Baydenin tədbir iştirakçı­larına təbrik məktubu tədbirin önəmini göstərir. Bu da ABŞ-ın Azərbaycana və Prezident İlham Əliyevin həyata keçir­diyi siyasətə yüksək qiymət verdiyini göstərir. Avropa İttifaqı, Böyük Britani­ya və digər ölkələrdən gəlmiş təbriklər də tədbirə böyük önəm verildiyini göstərir. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür. Dövlət başçısının dediyi kimi, Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir. Ha­silatın pay bölgüsü ilə bağlı ilk müqavilənin imzalandığı 1994-cü ildən indiyədək müqavilədə bir söz belə dəyişdirilməyib. Bu, ölkəmizin mövqeyini nümayiş etdirir. 
   Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması, bağçanın yoluna və həyətinə asfalt döşənməsi, sahibsiz heyvanların küçələrdən yığışdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər