Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə tədbir keçirilib

08 iyun 2022 | 17:07
    İyunun 8-də 243 №-li tam orta məktəbin akt zalında şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə təbliğat tədbiri keçirildi. Tədbirdə RİH başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon Polis şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı Şəhər Narkoloji Dispanserinin həkimi Aytən Nadirli, Pirallahı Tibb Mərkəzinin həkimi Kəmalə Mustafayeva və məktəb kollektivi iştirak etmişdir.
       Tədbir iştirakçıları mövzu ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
      Yığıncağı giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov açaraq bildirdi ki, tədbirin məqsədi ölkədə aparılan anti-narkotik təbliğatın daha da gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə  ətraflı məlumat verməkdən ibarətdir. Ölkəmizdə də bu istiqamətdə mühüm işlər görülmüşdür. Bununla yanaşı, narkomaniyaya qarşı sistemli mübarizəni təmin etmək məqsədilə dövlət başçısının sərəncamları ilə təsdiq olunan narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair Dövlət proqramları həyata keçirilmişdir. Bu istiqamətdə fəaliyyətin davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
       Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov yeniyetmə və gənclər arasında narkomaniya ilə  bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi zamanın tələbi olduğunu vurğulayaraq qeyd etdi ki,“bəşəri bəla” kimi qiymətləndirilən narkomaniya çağdaş dünyada insan həyatını ciddi təhlükə qarşısında qoyan ən qorxulu problemlərdəndir. Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilməkdədir. Son illər rayonumuzda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının artığını qeyd edən C.İsmayılov kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində məktəblərdə və digər kollektivlərdə bu məqsədlə çoxsaylı tədbirlərin həyata  keçirildiyini qeyd etmişdir.
        Bakı Şəhər Narkoloji Dispanserinin həkimi Aytən Nadirli çıxış edərək narkomaniyanın gəncliyimizin sağlamlığına vurduğu zərərlərdən və narkotik vasitələrin istifadəsi zamanı yayılan bir sıra infeksion xəstəliklərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sağlamlığının diqqət mərkəzində saxlanıldığını qeyd edən natiq, müasir standartlara cavab verən tibb müəssisələri, reabilitasiya mərkəzləri yaradıldığını, paytaxtda və bölgələrdəki sağlamlıq mərkəzlərinin maddi-texniki bazasının gücləndirildiyini xüsusi vurğuladı.
       Sonda Pirallahı Tibb Mərkəzinin həkimi Kəmalə Mustafayeva narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə ciddi fəsadlar vurduğunu bildirərək belə maarifləndirmə tədbirlərinin ümumtəhsil məktəblərində keçirilməsinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
      Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Keçidlər