“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir
10 iyun 2022 | 17:03
“18 İyun – İnsan Hüquqları Günü” münasibətilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunmuşdur. Bu çərçivədə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən idarə, təşkilat, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində müxtəlif başlıqlarda maarifləndirici tədbirlər və dəyirmi masalar keçirilir.
Keçirilən tədbirlərin yekunu olaraq 10 iyun 2022-ci il tarixdə Pirallahı rayonu, Gürgən qəsəbəsində fəaliyyət göstərən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” başlıqlı tədbir təşkil olunmuşdur. Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudovun, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşlarının və məktəb rəhbərliyinin iştirakı ilə keçirilən tədbir şagirdlərin mövzu ilə bağlı maarifləndirilməsi ilə başlamışdır.
Natiqlər çıxışlarında insan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin ali məqsədi olduğunu və bu sahədə ilk fundamental sənədin ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də imzalanan Sərəncamla təsdiq olunmuş Dövlət Proqramı olduğunu bildirdi. Bununla yanaşı, həmin günün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycanda İnsan hüquqları günü elan edildiyi vurğulandı. M.Mahmudov çıxışında Azərbaycanın dünyada “10 dekabr – Beynəlxalq insan hüquqları günü”nə əlavə olaraq “Milli İnsan Hüquqları günü”nü qeyd edən nadir ölkələrdən biri olduğunu vurğuladı. Əlavə olaraq, natiq, OMBUDSMAN-ın fəaliyyət istiqamətləri, o cümlədən sözügedən təşkilatın uşaq hüquqları ilə bağlı siyasətinin meyarlarından bəhs edərək bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verdi.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Anar Babayev ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxdığını və ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçdiyini bildirdi.
Tədbirin sonunda 18 iyun – İnsan Hüquqları Günü ilə əlaqəli diskussiyalar aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı.