Pirallahı rayonunda narkomaniya əleyhinə silsilə tədbirlər davam etdirilir
10 iyun 2022 | 17:08
Pirallahı rayonunda ümumtəhsil müəssisələrində narkomaniya əleyhinə silsilə tədbirlər davam etdirilməkdədir. Bu qəbildən növbəti tədbir rayonun Pirallahı qəsəbəsində 186 nömrəli tam orta məktəbdə baş tutdu. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanovun, Rayon Polis şöbəsinin rəisi Cümşüd İsmayılovun, Bakı Şəhər Narkoloji Dispanserin sosioloqu Fidan Ataxanlının, 31 nömrəli BŞX-nın Pirallahı filialının məsul müdiri Kəmalə Mustafayevanın iştirakı ilə keçirilən tədbir şagirdlərin narkomaniyanın fəsadları ilə bağlı məlumatlandırılması ilə başladı.
Vəzir Səfixanov tədbiri giriş sözü ilə açaraq yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin zamanın tələbi olduğunu bildirdi.
Daha sonra çıxış edən Cümşüd İsmayılov və digər natiqlər “əsrin bəlası” olaraq xarakterizə edilən narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açdılar və narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərərlər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verdilər.
Tədbir mövzu ilə bağlı şagirdləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.