Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi
10 iyun 2022 | 17:17
10 iyun 2022-ci il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Natiq bildirdi ki, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya qayıtması Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Qeyd edildi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ölkəmizi tərəqqiyə, millətimizi parlaq gələcəyə, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağın Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi də məhz Heydər Əliyev ideyalarının təntənəsidir. Bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev son 19 ildə ölkəmizi yeni uğurlara və Zəfərlərə aparmışdır. Qeyd edildi ki, Şəhid ailələri və müharibə əlilləri dövlətimizin diqqət mərkəzindədir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri əsasında şəhid ailələri və müharibə əlilləri üçün yaşayış komplekslərinin, şəhərciklərin inşa edilməsi, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir. Belə ki, son 19 il ərzində yüzlərlə şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunub. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə Vətən savaşından sonra gerçəkləşdirilən sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.
Diqqətə çatdırıldı ki, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, ölkəmizdə müasir sosial infrastruktur layihələri icra edilir, yeni park və xiyabanlar, istirahət guşələri yaradılır. Dövlətimizin başçısının təşəbbüsü ilə paytaxtın Səbail rayonunda salınan “Çəmbərəkənd” parkı da onlardan biridir. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir. Pirallahı rayonunda da ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər daim diqqət mərkəzindədir. “İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən artıq ağac və gül kolları əkilərək yaşıllıq zolaqları salınmışdır.
Natiq bildirdi ki, bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən nüfuzlu idman yarışlarına, festivallara, qlobal forumlara, konfranslara yüksək səviyyədə ev sahibliyi edir və bu ölkəmizin qazandığı mövqeyin, dünyadakı çəkisinin, beynəlxalq ictimaiyyət və təşkilatlar qarşısında nüfuzunun ifadəsidir. Bu sırada Evrovision-2012, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. Azərbaycanın evsahibliyi etdiyi növbəti mötəbər tədbir Formula 1 Azərbaycan Qran-prisidir. Dünyada 500 milyondan artıq tamaşaçısı olan bu yarışlara paytaxtımızın 2016-cı ildən evsahibliyi etməsi Azərbaycanın beynəlxalq maraq kəsb edən, bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarının keçirildiyi məkana çevrilməsindən xəbər verir.
Diqqətə çatdırıldı ki, Respublikamızın bütün bölgələrdə olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Qeyd edildi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinə bir milyon manat ayrılıb. Rayonun, o cümlədən də Gürgən qəsəbəsində də abadlıq-quruculuq işləri aparılmaqdadır. Qəsəbədaxili yollar əsaslı şəkildə təmir olunur, su xətlərində cari təmir işləri aparılır, optik rabitə xətlərinin çəkilməsi istiqamətində müvafiq addımlar atılır. Eyni zamanda, Gürgən qəsəbəsində Infuzion və dializ məhsullarının istehsalı istiqamətində ixtisaslaşmış zavodun inşası aparılır ki, burada da 50-dən artıq rayon sakini işlə təmin olanacaqdır.
Sonra Vasif İmanov Rəqəmsal İcra Hakimiyyəti (rih.gov.az) portalından danışaraq bildirdi ki, artıq vətəndaşlar İcra Hakimiyyətinə gəlmədən də bu platforma vasitəsi ilə xidmətlərdən elektron qaydada yararlana bilərlər. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması, qəsəbədaxili yolun təmir olunması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.