Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin həyatı mübarizələr və qələbələr tarixidir

10 aprel 2014 | 10:00
  Pirallahı rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı maarifləndirmə layihəsi çərçivəsində silsilə tədbirlərin həyata keçirilməsi davam edir. Mövzuya dair növbəti seminar aprelin 8-də V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəliyinin və YAP Pirallahı Rayon Təşkilatının əməkdaşları, məktəblərin müəllim heyəti, ağsaqqallar, gənc nəslin nümayəndələri iştirak etdilər.
  Tədbiri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının Pirallahı qəsəbəsindəki nümayəndəsi Heydər Vəliyev açıq elan edərək bildirdi ki, bu gün müasir gəncliyimizin yaşlı nəslin məsləhətinə, tövsiyələrinə böyük ehtiyacı vardır. Onların keçdiyi sağlam, şərəfli həyat yolu gənc nəsil üçün həmişə nümunə olmuşdur və bundan sonra da olacaqdır.
  Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının Aparat rəhbəri Həsən Niftəliyev öz çıxışında “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində Respublikada həyata keçirilən tədbirlərdən söz açdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Ümummilli lider Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır. Onun davamçısı Prezident İlham Əliyev Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
  Rayon ağsaqqalları Səməd Əhmədov, Yaqub Hüseynov, 168 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov və 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev mövzu ilə əlaqədar çıxış etdilər. Sonda ağsaqqallar gəncləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər