Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş Günü ilə bağlı “Azərbaycan dövlətinin xilas günü” mövzusunda tədbir keçirilmişdir

13 iyun 2022 | 16:44
        13 iyun 2022-ci il tarixdə Pirallahı rayonunda 15 iyun- Milli Qurtuluş Günü ilə bağlı “Azərbaycan dövlətinin xilas günümövzusunda tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov, millət vəkili Cavid Osmanov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.      
      Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
         İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ümummilli lider, böyük azərbaycanlı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş  film nümayiş olunmuşdur.
       Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırmışdır ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. 1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı yalnız ulu öndərin ideyalarındadır. Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi. Ölkəmiz real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi. Məhz bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini vurğulayan natiq, xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını  gözəl bilən, enerjili  və təşəbbüskar şəxsiyyət  kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx  birləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsində də haqq işimizdə bizim yanımızda olan Türkiyə ilə Azərbaycan münasibətindən danışan  Vasif İmanov Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötdüyünü qeyd edərək bildirmişdir ki, Türkiyə-Azərbaycan dostluğu əbədidir.
     Millət vəkili, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov çıxış edərək qeyd etdi ki, bütün varlığı ilə vətəninə bağlı olan dünya şöhrətli  dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.  Yüksək liderlik keyfiyyətlərinə malik olan ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın bir-birini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.
         "Səs" qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev çıxış edərək vurğuladı ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. B.Quliyev müstəqil Azərbaycan Respublikasının dövründə böyüyüb boya başa çatmış vətənpərvərlik ruhunda tərbiyə  almış gənclərin torpaqlarımızın azad olunmasında müstəsna xidmətləri olduğunu vurğulamışdır.
        YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov öz çıxışında bildirmişdir ki, Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olmuşdur.
     Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş Sadıxov Samir Fərman oğluna RİH başçısı tərəfindən medalı təqdim olunaraq şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə xatirə şəkili çəkdirilmişdir.
Keçidlər