Pirallahıda növbəti səyyar qəbul keçirildi
17 iyun 2022 | 16:55
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 17 iyun 2022-ci il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verən Vasif İmanov bildirdi ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından bir il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Həmin sənəddə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Həmçinin, bu Bəyannamədə Azərbaycan ilə Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər diqqət çəkir. Diqqətə çatdırıldı ki, bu gün Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Azərbaycanın uğurlarından danışarkən, hər bir zaman xalqımıza və dövlətimizə öz mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, hərbi əməkdaşlığın önəmini vurğulamamaq olmur. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib.
Bildirildi ki, bu günlərdə ölkəmizin paytaxtında IX Qlobal Bakı Forum keçirilir. “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuş forumun işində 50-dən artıq ölkədən 260-dan çox qonaq iştirak edir. Prezident İlham Əliyev iyunun 16-da Bakıda işə başlayan forumun açılış mərasimindəki çıxışında deyib ki, forumda aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Ölkə başçısı bildirib ki, Azərbaycan təxminən 30 il əvvəl Ermənistanın təcavüzü ilə üzləşmişdi. Ölkəmiz uzun müddət bu münaqişəni sülh yolu ilə həll etmək istəyib. Lakin bütün cəhdlər Ermənistan tərəfindən pozulub. Nəhayət, 2020-ci ilin payızında ölkəmiz BMT qətnamələrini əldə rəhbər tutaraq özünün ərazi bütövlüyünü təmin edib. 44 günlük Vətən müharibəsində Ermənistan ordusu darmadağın edilərək ölkəmizdən qovulub. Hazırda işğaldan azad edilmiş rayonlar böyük tikinti-quruculuq meydanına çevrilib. Prezident, həmçinin regionla bağlı həllini gözləyən məsələlərə də toxunub. Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl etməlidir. Lakin təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur, məsələnin həlli istiqamətində heç nə dəyişməyib. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına əsasında Azərbaycan tərəfi Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib və bir il yarımdır ki, ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Eyni zamanda, forumda dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.
Natiq qeyd etdi ki, minifutbol üzrə milli komandamız tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub. İyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib. Diqqətə çatdırıldı ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir. Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.
Vasif İmanov bildirdi ki, iyunun 18-19-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək. İlk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmələr, ikinci yarış günündə isə “Dreamland” Qolf Klubun ətrafından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşmələrində yarışacaqlar.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.