Şriftin ölçüsü :

Saytın rəngi :

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib

20 iyun 2022 | 09:44
      2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
      İlk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmədə, ikinci yarış günündə isə “Dreamland” Qolf Klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşməsində mübarizə aparıblar.
Yarışın proqramına əsasən, 59 velosipedçinin qatıldığı fərdi ötüşmə növündə 17 yaşadək idmançılar, gənc oğlanlar və qızlar, həmçinin U23/Elit yaş kateqoriyasında olan qadınlar 20 km, U23/Elit yaş kateqoriyasında olan kişilər isə 38 km məsafə qət ediblər.
      52 velosipedçinin iştirak etdiyi qrup ötüşməsində isə 17 yaşadək idmançılar, həmçinin gənc qızlar və 23 yaşadək qadınlar 75 km, gənc oğlanlar 90 km, 23 yaşadək kişilər 120 km və Elit yaş kateqoriyasında olan kişilər isə 135 km məsafədə yarışıblar.
       Yarışın qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim edildi.

 

Keçidlər