Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir

15 aprel 2014 | 10:00
  Bakı şəhərinin Pirallahı rayonunun sakinləri Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin pulsuz tibbi müayinəsi üçün yaradılmış imkandan yararlanmaq məqsədilə böyük həvəslə müəyyən olunmuş tibb müəssisələrinə müraciət edirlər.
  10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva qeyd etdi ki, günbəgün müayinəyə gələnlərin sayı artmaqdadır. Humanitar aksiyaya başlanılmış fevral ayından aprelin 14-ü günortayadək rayon üzrə dispanserizasiyası nəzərdə tutulmuş sakinlərin 9546 nəfəri tibbi müayinələrdən keçmişdir. Müayinələr zamanı müalicəyə ehtiyacı olması aşkar edilən vətəndaşlardan 585 nəfəri ambulator, 146 nəfəri isə stasionar  müalicəyə cəlb edilmişlər. Xüsusi yaradılmış həkim briqadası evlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır.
  Bizimlə söhbət zamanı rayon sakinləri humanitar aksiyanın gedişi ilə bağlı razılıqlarını bildirirlər. Pirallahı qəsəbə sakini İlqar Məmmədli deyir: “Əhalinin pulsuz tibbi müayinələrə cəlb edilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq, hər şeydən əvvəl, dövlətin sosial siyasətinin, vətəndaşlarımızın dövlət qayğısı ilə əhatə olunmasının bariz təzahürüdür. Bilirsiniz, bizim insanlar tez-tez həkimə getməyə, müayinədən keçməyə o qədər də həvəsli deyillər. Möhtərəm Prezident bu humanist təşəbbüsü ilə insanları hərəkətə gətirdi, indi hər gün uşaqlı-böyüklü sakinlərimiz, eləcə də rayonumuzda məskunlaşmış məcburi köçkünlər dəstə-dəstə rayonun mərkəzi xəstəxanasının poliklinika şöbəsinə gəlirlər, hərtərəfli tibbi müayinələrdən keçirlər. Azərbaycan Prezidentinin hər bir vətəndaşın sağlamlığının qayğısına həssaslıqla yanaşması bizi ürəkdən sevindirir. Buna görə dövlətimizin başçısına bütün Pirallahı sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Biz möhtərəm İlham Əliyevin siyasətini ürəkdən dəstəkləyirik.”
  Pirallahı rayon 186 N-li tam orta məktəbin direktoru Arif Xankişiyev düşüncələrini belə ifadə edir: “Sağlam bədəndə sağlam ruh olar, - deyib aqillər. Millətin sağlam olması körpələrin, uşaqların sağlam böyüməsindən, insanların sağlam yaşamasından asılıdır. Məzh bu nöqteyi-nəzərdən cənab İlham Əliyevin məlum tapşırığı böyük əhəmiyyətə malikdir, Pirallahı rayonunda da idarə və müəssisələr Möhtərəm Prezidentin tapşırığının icrasına fəallıqla qoşulmuşlar. Uşaqların icbari tibbi müayinəsinin həyata keçirilməsi, məktəblilərin sağlamlığının nəzarətdə saxlanılması, gənc nəslin sağlam böyüməsinə dövlət qayğısı rəhbərlik etdiyim orta məktəbdə uğurla həyata keçirilir. Artıq I-IX sinif şagirdlərinin müayinədən keçməsi başa çatıb, yuxarı sinif şagirdlərinin tibbi müayinəsi isə bu gün başlayıb və iki gün ərzində başa çatacaqdır. Müayinə prosesindən şagird, müəllim və valideynlər çox məmnundurlar və cənab İlham Əliyevə razılıqlarını bildirirlər. Mən də öz növbəmdə yaradılan şəraitə görə bütün rayon sakinləri adından dövlətimizin başçına dərin minnətdarlığımı bildirir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə məqsədyönlü fəaliyyətində cənab Prezidentə daha böyük uğurlar arzulayıram”.
Keçidlər