Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd olundu

29 aprel 2014 | 10:00
    Aprelin 28-də Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşəbbüsü ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir və YAP Pirallahı Rayon Təşkilatı Qadınlar Şurasının təsis iclası keçirildi. Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və elmi yaradıcılığından, Azərbaycan oftalmologiya elminə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
  YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov çıxışında bildirdi ki, geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar ananın və alimin - Zərifə xanım Əliyevanın ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir elm adamı və tibb işçisi üçün həyat və mənəviyyat, kamillik və müdriklik məktəbi olmuşdur.
    Daha sonra  YAP Pirallahı Rayon Təşkilatı Qadınlar Şurasının təsis iclası keçirildi. Ümumi səsvermə yolu ilə 131 N-li tam orta məktəbin direktoru Mehparə Mansirova YAP Pirallahı Rayon Təşkilatı Qadınlar Şurasının sədri seçildi. Eyni zamanda sədrin 2 müavini və 11 nəfərdən ibarət İdarə Heyəti də seçildi. Şuraya gələcək fəaliyyətində nailiyyətlər arzulandı.
Keçidlər