Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Gül bayramı keçirildi

07 may 2014 | 10:00
   2014-cü ilə uğurla başlayan Pirallahı rayonunun zəhmətkeşləri aprel ayının əvvəllərindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start vermişlər. Aprel ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında, eləcə də ümumrayon səviyyəsində müxtəlif idman növləri üzrə birinciliklər və turnirlər keçirilmiş, Çilov, Neft Daşları, Gürgan qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, hər həftənin şənbə günləri iməciliklər təşkil edilmiş, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, yüzlərlə ağac və təbii güllər əkilmişdir və bu işlər davam etməkdədir. Artıq təhsil və istehsalat müəssisələrində Gül bayramları uğurla yekunlaşıb. May ayının əvvəllərində bayram tədbirləri rayonun Gürgan, Neft Daşları və Çilov qəsəbələrində təşkil edilmişdir. Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük vətən müharibəsi veteranları və aztəminatlı ailələr də bu günlər qayğı ilə əhatə olunmuşlar.
  Gül bayramı ərəfəsində rayonda tikinti-quruculuq işləri də yeni bir vüsət almışdır. Rayonun dövlət strukturları üçün inzibati binaların inşa olunacağı İnzibati Mərkəzdə tikilən Pirallahı RİH-in inzibati binasının bünövrəsi artıq qoyulmuş və inşaat işlərinə başlanmışdır. Bu ərazidə, həmçinin, Heydər Əliyev Mərkəzinin və YAP Pirallahı Rayon Təşkilatı binasının da təməli qoyulmuşdur. İnzibati Mərkəzlə üzbəüz ərazidə salınacaq müasir parkda da geniş yenidənqurma işlərinə başlanmışdır. Eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa ediləcək 140 yerlik Körpələr evi – uşaq bağçasının tikintisinə də start verilmişdir. 28-ci məhəllədə tikiləcək daha bir 100 yerlik Körpələr evi – uşaq bağçasının inşasına yaxın günlərdə başlanması məqsədilə hazırlıq işləri görülür.
   Mayın 6-da müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı Pirallahının “Gənclər Parkı”nda keçirildi. Saat 16.00-da parka daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkili Rauf Əliyevi və digər fəxri qonaqları əyinlərində rəngli kağızlardan gül formasında xüsusi geyim olan məktəbli uşaqlar qarşıladılar və Gül bayramı münasibətilə təbrik etdilər. Sonra Pirallahı rayon İcra Hakimiyyətinin başçısı və fəxri qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə tamaşa etdilər. 29 N-li Uşaq Yaradıcılıq Mərkəzinin rəsm dərnəyi üzvlərinin malbertə köçürdüyü Gül bayramı mövzusunda improvizasiyalar maraqla izləndi. Parkda gəzinti ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələrinin təşkil etdiyi sərgilərə baxışla davam etdi. Yubiley tədbirinin iştirakçıları orta məktəblərin, uşaq bağçalarının, V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin və 29 N-li Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərginin eksponatları ilə maraqla tanış oldular. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları və ikebanalar xüsusilə diqqəti cəlb edirdi. Gül balaların söylədiyi ulu öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən şeirləri bayram tədbirinə xüsusi rövnəq verirdi. Pirallahı RİH Başçısı və fəxri qonaqlar “Gənclər Parkı”nın mərkəzində torpaq ərazidəki təbii güllərdən yaradılmış kompozisiyalara da maraqla tamaşa etdilər.
   Bayram tədbirinə qatılan çoxsaylı Pirallahı sakinlərini salamlayan Pirallahı RİH Başçısı Vasif İmanov Ümummilli Liderin 1923-cü il mayın 10-da qədim Naxçıvandan başlayan mənalı ömür yoluna qısa nəzər saldı. Bildirdi ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş, müdrik və qalibiyyətli inkişaf strategiyasının təntənəsidir. Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən, Prezident İlham Əliyevin prinsipial məsələlərdə siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi o deməkdir ki, ulu öndər Heydər Əliyevin sosial-iqtisadi və siyasi inkişaf konsepsiyası məhz o dahi şəxsiyyətin arzuladığı kimi uğurla davam etdirilməkdədir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək, ölkə başçısının ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşmaqdadır. Biz tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf xəttini inamla davam etdirərək Vətənimizi irəliyə, intibaha, işıqlı sabaha doğru aparmaqdadır. Bu uğurlu konsepsiya Pirallahı rayonunun da ildən-ilə çiçəklənməsinə, əhalisinin maddi-rifah halının get-gedə daha da yüksəlməsinə xidmət edir.
   Daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş müxtəlif idman yarışlarının qalibləri mükafatlandırıldılar. Pirallahıda Gül bayramı incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam etdirildi, ümumxalq gəzintisi və atəşfəşanlıqla başa çatdı.
Keçidlər