Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Şüşanın işğalından 22 il ötür

09 may 2014 | 10:00
   1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdi. Uzun sürən artileriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
    Xatırladaq ki, Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış,  onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək, məcburi köçkün vəziyyətinə   düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi abidələr düşmən tərəfindən dağıdılıb. Bu siyahıya Xan, Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə aiddir. Ermənilər Azərbaycanın qədim tarixinə məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Erməni vandalları Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
    Pirallahı rayonunda Şuşanın işğal olunmasının 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Növbəti tədbir Pirallahı rayonunun 186 №-li tam orta məktəbinin akt zalında keçirildi.   Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı və bütövlükdə Qarabağ münaqışəsi zamanı şəhid olmuş qəhrəman oğul və qızlarımızın əziz xatrisi bir dəqiqəlik sükutla yad edildi.
   Məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Qarabağ probleminin həlli istiqamətində apardığı qətiyyətli siyasət, tutduğu prinspial mövqe sayəsində təkcə Şuşa şəhəri deyil, digər işğal altında olan torpaqlar da qısa müddətdə azad ediləcək və öz torpaqlarından didərgin düşən məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar.
   Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı və Şuşa şəhəri haqqında videoçarx nümayiş etdirildi.
Keçidlər