Güclü iqtisadiyyat və güclü ordu Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm zəmindir
16 may 2014-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən 186 №-li tam orta məktəbdə Laçın rayonunun işğalının 22-ci ildönümü mövzusunda anım tədbiri və hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə əlaqədar açıq dərs keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev və məktəb kollektivinin üzvləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin sədri Oruç Mustafayev və təşkilatın üzvləri, N saylı hərbi hissənin mayoru Elçin Kərəmov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin Pirallahı sektorunun müdiri İlqar Məmmədli, 7-11-ci sinif şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edən İlqar Məmmədli Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs edərək vurğuladı ki, mənfur qonşularımız ermənilər yalnız və yalnız öz havadarları olan imperiya qüvvələrinin hərbi və siyasi köməyi ilə, yaranmış özləri üçün əlverişli beynəlxalq siyasi şəraitdən, Azərbaycanın informasiya blokadasına alınmasından sui-istifadə edərək əzəli torpaqlarımızı işğal edə bildilər. İ.Məmmədli bildirdi ki, Birinci Qarabağ müharibəsi dövründə xalqımızın qeyrətli və mərd oğulları, qızları Vətənin hər bir qarış torpağı uğrunda son nəfəsədək vuruşmuşlar, hər bir rayon yüzlərlə şəhid vermişdir. Uğursuzluğun daha bir səbəbi isə bir halda satqın, anti-milli, digər halda səriştəsiz rəhbərlərin nadan fəaliyyəti olmuşdur. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hücum diplomatiyası həyata keçirərək beynəlxalq mövqelərini addım-addım möhkəmləndirə bilmişdir. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev isə iqtisadiyyatı və ordunu gücləndirməklə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm zəmin yaratmışdır.
N saylı hərbi hissənin mayoru Elçin Kərəmov öz çıxışında qeyd etdi ki, vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan geniş söhbət açan E.Kərəmov orduya, əsgər və zabitlərə göstərilən dövlət qayğısından danışdı, ilk növbədə oğlan uşaqlarını hərbçi sənətini seçməklə Vətənə məhəbbətlərini ifadə etməyə çağırdı.
Tədbirdə çıxış edən Pirallahı RİH-in məsul əməkdaşı İlqam Əsgərov, 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, Pirallahıda məskunlaşmış Laçın sakini, veteran-pedaqoq Cavad Heydərov və digərləri qeyd etdilər ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub və olacaqdır.
Tədbirin sonunda Laçın şəhəri və onun işğalı haqqında videoçarx nümayiş etdirildi.