Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Onkologiya Mərkəzi Pirallahıda səyyar qəbul keçirdi

27 may 2014 | 10:00
  Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.” Ümummilli liderin tərəqqi və inkişaf kursunu bütün sahələr üzrə uğurla davam etdirən Prezident İlham Əliyev müstəqil Azərbaycanın səhiyyə sisteminin müasir tələblər baxımından qurulması, respublika sakinlərinin sağlamlığının yüksək səviyyədə qorunması üçün zəruri olan tədbirləri ardıcıl olaraq həyata keçirir. Bu istiqamətdə ən önəmli addımlardan biri də 2006-cı ildə respublikanın Milli Onkologiya Mərkəzi üçün Səyyar Diaqnostika Kompleksinin alınması oldu. O zamandan Milli Onkologiya Mərkəzinin həkimləri ölkəmizi qarış-qarış gəzərək bu Kompleksin köməyi ilə xalqımızın sağlamlığı keşiyində durmuşlar.
  Budur, may ayının 26-da Milli Onkologiya Mərkəzinin yüksək ixtisaslı həkimləri və mütəxəssisləri Pirallahı rayonunun zəhmətkeşlərinə xidmət göstərmək məqsədilə Səyyar Diaqnostika Kompleksini 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində qurmuşlar. Səhər saat 9-dan etibarən Pirallahı, Gürgan, Neft Daşları və Çilov qəsəbələrinin sakinləri müayinə olunmaq və sağlamlıq durumları barədə müfəssəl məlumat almaq üçün Səyyar Diaqnostika Kompleksinin geniş imkanlarından istifadə etməyə başlayırlar.
  Sakinlərin qəbuluna və müayinəsinə rəhbərlik edən Respublikanın baş onkoloqu, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli qeyd edir ki, səyyar qəbul çox yüksək səviyyədə təşkil edilmişdir. Pirallahı rayon İcra Hakimiyyətinin səyləri ilə tibb işçilərinin xalqımıza hərtərəfli və səmərəli xidmət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Səyyar Diaqnostika Kompleksi iki avtomaşına yerləşdirilmiş rentgen aparatı, ginekologiya, mammoqrafiya və ultrasəs kabinetləri, digər tibbi apparatlar və cihazlardan ibarətdir. Pirallahı rayonu zəhmətkeşlərinin xidmətinə 14 nəfərdən ibarət yüksək ixtisaslı həkim-onkoloqlardan ibarət briqada gəlmişdir. Bir mammoloq-həkim, baş-boyun şişləri mütəxəssisi, iki onkoloq, bir abdominal cərrah və digər ixtisas sahibləri profilaktik müayinəni yüksək peşəkarlıqla həyata keçirirlər.
  Azad Kərimli deyir ki, bu cür səyyar profilaktik müayinələrin məqsədi şiş xəstəliklərini, o cümlədən xərçəng və xərçəng önü xəstəliklərin vaxtında aşkar edilib müalicəyə cəlb olunmasıdır. Baş onkoloq xüsusi vurğulayır ki, xərçəng xəstəlikləri vaxtında aşkar olunarsa, yerləşməsindən asılı olmayaraq, yüz faiz sağalmaya nail olmaq mümkündür və bu işdə Səyyar Diaqnostika Kompleksinin rolu əvəzsizdir.
  Günorta saat 1-ədək artıq 300 nəfər müayinədən keçmişdir. Lakin müayinə olunmaq arzusunda olanlar hələ də qalmaqdadır. Həkimlər bildirirlər ki, ehtiyac yarandığı təqdirdə onlar axşam saatlarınadək müayinəni davam etdirəcəklər. Qeyd edək ki, Pirallahıda səyyar diaqnostik müayinə mayın 27-də də həyata keçiriləcəkdir.
Keçidlər