Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda abadlıq və quruculuq işləri davam etdirilir

09 iyul 2014 | 10:00
  “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair proqramı”na uyğun olaraq Paytaxtımızın bütün güşələrində olduğu kimi Pirallahı rayonunda da geniş tikinti-abadlıq və quruculuq işləri aparılır.
  Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən görülən çoxşaxəli işlərdən biri də K.Rzayev küçəsində  «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində bu məhəllənin abadlaşdırılması istiqamətində aparılan işlərdir. Məhəllədə  daxili su, kanalizasiya və qaz xətləri tamamilə yenilənib, yol kənarlarına bardur daşları düzülüb, yollara asfalt döşənməsi işləri davam etdirilir.
  40-cı məhəllədə daxili su, kanalizasiya və qaz xətləri tamamilə yenilənib, hal-hazırda istillik sisteminin köhnə xətləri yeniləri ilə əvəzlənir və qısa müddət ərzində bu məhəllə də «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində abadlaşdırılacaq.
  Pirallahı rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir. Hazırda inzibati binanın birinci mərtəbəsində betontökmə işləri aparılır. İnzibati bina 4 mərtəbədən ibarət olacaq. Klassik və modern üslubun sintezini özündə əks etdirən bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir. Binanın ümumi sahəsi 3485 kvadrat metr,  tikinti sahəsi  1224 kvadrat metr, həcmi 20321 kub metr təşkil edəcək. Qeyd edək ki, Pirallahı rayon İcra Hakimiyyətinin inzibati binasının yanında hazırda tikintisinə başlanılan və 570 kvadrat metr tikinti sahəsi təşkil edən ikimərtəbəli Heydər Əliyev Mərkəzi də qəsəbəyə xüsusi yaraşıq verəcək.
  Hazırda Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının tikintisi davam edir. Artıq binanın dam örtüyü vurulub və fasad hissəsinə üzlük daşlar döşənir. Burada işlər qrafik üzrə davam etdirilir.
  Pirallahı qəsəbəsindəki 168 № li orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir.
Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır.
Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun tikintisi də müvəffəqiyyətlə davam edir. Yolun bir çox hissəsi artıq istismara verilmişdir.
 Pirallahı qəsəbəsində “Vətən uğrunda” abidə-kompleksinin ətrafında abadlıq işləri davam etdirilir, əraziyə ağaclar və qazon əkilir, yaşıllıq zolaqları salınır.
Keçidlər