Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda təhsil və insan kapitalının inkişafı prioritet istiqamətlərdən biridir

14 avqust 2014 | 10:00
   Son illər ölkədə həyata kecirilən islahatlar nəticəsində Azərbaycan yüksək inkişafa nail olmuşdur, əhalinin maddi rifahı xeyli yaxşılaşmışdır, yoxsulluğun səviyyəsi minimuma enmişdir. Respublikamızda reallaşan genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır. Prioritet istiqamətlərdən biri də ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil sistemi Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Məhz bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən son 10 ildə Azərbaycanda 2500-dən çox məktəb binası tikilib və əsaslı təmir olunub. Məktəblərin maddi-texniki bazası gücləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin təhsili haqqında deyib – “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi - təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”.
   Azərbaycanda təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun misilsiz xidmətləri vardır. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə son bir neçə ildə Azərbaycanda 370 yeni məktəb, uşaq bağçası, uşaq evi və internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir edilib və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. Qeyd edək ki, hal-hazırda Pirallahı qəsəbəsində  Heydər Əliyev Fondunun dəstəyi ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 140 və 100 yerlik iki uşaq bağçası inşa edilir. İnşa edilən bağçalardan biri ikimərtəbəli olmaqla 140 yerlikdir və S.Bağırov küçəsində, digəri - 100 yerlik uşaq bağçası isə S.Vurğun küçəsində yerləşəcəkdir.
   Ölkəmizin hər yerində olduğu kimi, yeni yaranmış Pirallahı rayonunda da təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilməkdədir. Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən qocaman təhsil ocaqlarından olan 168 №-li tam orta məktəbin əsaslı təmir işlərinə  start verilmişdir.  Əsaslı təmir işləri ilə yanaşı məktəb üçün 2 ədəd 100 kubmetr tutumu olan yeraltı su anbarı tikilib. Bu anbarlardan biri məktəbin içməli su ilə təminatına xidmət edəcəkdir, digəri isə yanğın təhlükəsizliyi məqsədilə istifadə olunacaqdır. Məktəb artıq əsaslı təmirdən sonra istifadəyə verilməyə hazırdır.
  Qeyd etmək lazımdır ki, 168 №-li tam orta məktəb Pirallahı rayonunun ən qabaqcıl ümumtəhsil müəssisələrindən biridir. Məktəbin pedaqoji kollektivi ötən dərs ilində önəmli nəticələrə imza ata bilmişdir. Belə ki, 2012/2013-cü tədris ilində orta təhsili başa vuran 60 məzundan 53-ü ali məktəblərə sənəd vermiş və onlardan 36 nəfəri tələbə adını qazanmışdır. İlkin məlumatlara əsasən 168 məzunlarından 6 nəfər 500-dən yuxarı bal toplamış, o cümlədən 1 nəfər – məktəbi qızıl medalla bitirən Mahmudov Ervin Gündüz oğlu 665 bal toplamağa müvəffəq olmuşdur. Sevindirici haldır ki, ölkə üzrə 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduqlarına görə 176 nəfər qızıl medal alan şagirdlərdən biri Pirallahı rayonunda təhsil alıb. 243 №-li tam orta məktəbin məzunu Samsuddinov Ruslan Omar oğlu isə 608 bal toplamışdır. Qeyd olunan nəticələr Pirallahı rayonunda təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, burada təhsilin keyfiyyətinin ilbəil artdığından xəbər verir.
Keçidlər