Şriftin ölçüsü :

Saytın rəngi :

“26 İyun-Silahlı Qüvvələr günü”-nə həsr olunmuş tədbir keçirildi

25 iyun 2024 | 15:25
   
      25 iyun 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı “26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Xəzər və Pirallahı rayonları üzrə fövqaladə hallar və mülki müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin müdiri vəzifəsini icra edən Murad Məmmədov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və Qeyri-Hökümət Təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qonaqlar iştirak etmişdir.  
     Rayon rəhbərliyi və qonaqlar RİH-nin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək qarşısına gül dəstələri düzdülər.
     Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Ümumilli Lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov tədbir iştirakçılarını  “26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”ü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, ordu dövlətin əsas dayaq nöqtələrindən biridir. Dövlətin müstəqilliyi bilavasitə onun ordusunun gücündən, qüdrətindən asılıdır. Məlum olduğu kimi, milli silahlı qüvvələrin formalaşması prosesi 1918-ci ildən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Hər kəsə məlumdur ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz o dahi şəxsiyyətin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi bugünkü müzəffər Azərbaycan Ordusunun təməlini qoymuşdur. Ulu Öndərdən sonra isə onun siyasi varisi cənab Ilham Əliyev Azərbaycan Ordusunun Ali Baş Komandanlıq missiyasını uğurla yerinə yetirmişdir. Ordumuz dünyanın ən güclü 50 Ordusundan biri, Cənubi Qafqazın isə ən güclü  Ordusudur. Ordumuzun gücü 44 günlük Vətən müharibəsində öz təsdiqini tapmışdır.
       Sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) Arzu Əliyeva vurğulamışdır ki, Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti ilə bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, onu məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 2020-ci ilin sentyabrın 27-də və 2023-cü ilin sentyabr ayının 19-da  ordumuzun həyata keçiirdiyi əks hücum  əməliyyatlarında hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verildi. Nəticədə, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
        Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin müdiri vəzifəsini icra edən Murad Məmmədov 44 günlük müharibədə ordumuzun göstərdiyi şücaətdən və qəhrəmanlıqdan söz açmışdır.  Bildirmişdir ki, Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit və gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.  
    YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov öz çıxışında, ordumuzun  keçdiyi şanlı və şərəfli yoldan danışaraq qeyd etmişdir ki, tarix boyu ərazisində böyük dövlətlər qurmuş Azərbaycan xalqı döyüşkən və cəsur xarakteri ilə hər kəsin diqqətini cəlb etmişdir.Azərbaycan əsgəri hər zaman mərd, qorxmaz və mənəvi keyfiyyətləri ilə seçilmişdir. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Qəhrəmanlıqla həlak olan, yaxud qazi olan Vətən müharibəsi qəhrəmanlarımızın döyüş yolu xalqımızın qəlbində və zehniyyətində əbədi həkk olunan   Zəfər yoludur, bölünməz, vahid, qüdrətli, gələcəyinə inanan və ona doğru inamla irəliləyən böyük xalqın Qələbə yoludur, öz soy-kökümüzə, əcdadlarımızın bizə miras qoyduğu ənənələrə Sədaqət yoludur, azad edilmiş torpaqlarımızın dirçəldilməsi və Quruculuq yoludur, xalqımızın Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasəti polad iradəsi ilə dönmədən həyata keçirən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, tarixi qələbənin memarı və komandanı Prezident İlham Əliyevə İnam Yoludur. Natiq sonda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Silahlı Qüvvələrin bütün şəxsi heyətini təbrik edərək gərgin və məsuliyyətli işlərində, şərəfli xidmətlərində müvəffəqiyyətlər arzu etdi. 
    Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirmişdir.

 

Keçidlər