Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun orta ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi

15 sentyabr 2014 | 10:00
  15 sentyabr 2014-cü il tarixdə Pirallahı rayonunun bütün orta ümumtəhsil məktəblərində ənənəvi olaraq “Bilik günü” münasibəti ilə tədbirlər keçirildi. Yeni dərs ilinin açılış mərasimlərində Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, 2014-2015-ci tədris ilində Pirallahı rayonunda 258 uşaq ilk dəfə məktəbin qapısını açmışlar. Onlardan 207 nəfəri azərbaycan, 51 nəfəri isə rus bölməsində təhsil alacaqdır.
  Rayon ərazisində yerləşən altı məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəb direktorları tədbiri acaraq, çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.
   Qeyd edək ki, Bakı şəhəri üzrə 28 qızıl medaldan birinə 168 №-li tam orta məktəbin şagirdi Ervin Gündüz oğlu Mahmudov layiq görülmüşdür ki, bu da rayon üçün böyük göstəricidir. 6 məktəb üzrə 165 məzundan 125-i ali məktəblərə sənəd vermiş və ilkin nəticələrə görə onlardan 88 nəfəri tələbə adını qazanmışdır. Sənəd verənlərə nisbətdə qəbul faizi 70%-dən yuxarıdır ki, bu da 2012-2013-cü tədris ilinin qəbul göstəricisindən (ötən il ali məktəblərə sənəd vermiş abituriyentlərin 65%-i tələbə adını qazanmışdı) yüksəkdir.
   Tədbirlərə qatılmış Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları məktəblərin pedaqoji kollektivlərini və şagird kontingentini Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etdilər və onlara təhsildə uğurlar arzuladılar. Bildirildi ki, sentyabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş rayon müəllimlərinin toplantısında təhsildəki nailiyyətlər, mövcüd problemlər, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür. Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şerlərlə ifadə etdilər.
   Tədbrin sonunda məktəblilər “Vətən uğrunda” abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad etdilər.
Keçidlər