Pirallahıda Üzeyir Hacıbəylinin anadan olmasının 129 illiyi qeyd edildi
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə ulu öndər Heydər Əliyevin Prezident fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alındı.
18 sentyabr 2014-cü il tarixində Pirallahı rayonunun V.Mustafazadə adına Mədəniyyət Mərkəzində dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 129 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-in əməkdaşları, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin, 14 saylı musiqi məktəbinin işçiləri, məktəblilər iştirak etdilər.
Tədbiri açıq elan edən V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Esmira Aslanova Üzeyir Hacıbəylinin milli musiqinin formalaşmasındakı əvəzedilməz rolundan danışdı. Bildirdi ki, Üzeyir Hacıbəylinin opera sənəti, opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi və bu sənət faktiki olaraq Yaxın Şərqdə ilk dəfə Azərbaycanda yarandı. Qeyd edildi ki, Üzeyir Hacıbəylinin əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət etmiş ictimai məzmunlu, milli koloritli, tərbiyəvi əsərlərdir, korifey sənətkar eyni zamanda Azərbaycan himninin möhtəşəm musiqisinin müəllifidir.
Daha sonra Pirallahı rayon orta ümumtəhsil məktəblərinin şagirdləri Üzeyir Hacıbəylinin felyetonlarından fraqmentlər səsləndirdilər. 14 saylı musiqi məktəbinin şagirdləri dahi bəstəkarın əsərlərini ustalıqla ifa etdilər. Məktəbin müxtəlif siniflərində musiqi təhsili alan şagirdlərdən Kazım İmanovun, Nazənin İmanovanın, Sədaqət Əsgərovanın çıxışları tədbirə toplaşanların alqışları ilə qarşılandı.
Tədbirin sonunda dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatından bəhs edən videoçarx nümayiş olundu.