“27 Sentyabr - Anım günü” ilə bağlı silsilə tədbirlər keçirildi
27 sentyabr 2023 | 15:19
27 Sentyabr 2023-cü il tarixdə Pirallahı rayonunda Vətən müharibəsində və antiterror əməliyyatlarında qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq silsilə anım tədbirləri keçirilmişdir.
Həmin gün səhər saatlarında RİH başçısı Vasif İmanovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİH başçısı Aparatının məsul əməkdaşlarının, rayon Ağsaqqallar Şurasının üzvlərinin, idarə-təşkilat rəhbərlərinin və şəhid ailələrinin iştirakı ilə Gürgən qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid məzarları ziyarət edilmişdir. Pirallahı qəsəbə Məscidinin İmamı şəhidlərin ruhuna dualar oxumuş və məzarlara gül dəstələri düzülmüşdür.
Daha sonra RİH başçısı və qonaqlar Pirallahı qəsəbəsində yerləşən “Vətən uğrunda” abidə kompleksinin qarşısına gəldi. Respublikamızın bütün bölgələrində olduğu kimi, saat 12:00-da ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
RİH başçısı Vasif İmanov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin 2020-ci il 02 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulandı ki, milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra əbədi olaraq müzəffər xalq və qalib dövlət kimi yaşayacaq. Diqqətə çatdırıldı ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı separatçı rejim ağ bayraq qaldırdı və Azərbaycan öz suverenliyini tam təmin etdi.
RİH başçısının çıxışından sonra “Vətən uğrunda” abidə kompleksi qarşısına gülqoyma mərasimi keçirildi.
Bundan sonra rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin yetirmələrinin iştirakı ilə vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndirildi. Tədbirin sonunda “Şəhidlər ölməz, Vərən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Yaşasın qalib Azərbaycan Ordusu, yaşasın Müzəffər Ali Baş Komandan!” şüarları səsləndirildi.
Qeyd edək ki, tədbirdən sonra İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayon prokuroru Zaur Axundzadə, DTX rayon şöbəsinin rəisi Qurban Qurbanov, rayon Polis idarəsinin rəisi Cümşüd İsmayılov, rayon məhkəməsinin sədri Faiq Qasımov, rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, QHT-lər, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhid, qazi ailələri və müharibə iştirakçıları ziyarət edildi. Onların qayğıları və istəkləri nəzərə alınaraq, müvafiq maddi yardımlar göstərildi. Şəhid ailələri, qazilər göstərilən diqqətə görə Müzəffər Ali baş Komandan, cənab İlham Əliyevə və Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.