“27 Sentyabr – Anım Günü” ilə əlaqədar tədbirlər keçirilib
25 sentyabr 2026 | 14:17
Pirallahı rayonunda 25 sentyabr 2026-cı il tarixində “27 Sentyabr – Anım Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının, YAP Pirallahı rayon təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, QHT rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
İlk olaraq rayon rəhbərliyi tərəfindən Gürgən qəsəbə qəbiristanlığında şəhidlərin məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.
Daha sonra RİH başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən “Vətən uğrunda” abidə kompleksinin qarşısına gəlib. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və abidə kompleksinin önünə gül dəstələri qoyulub.
Gün ərzində, həmçinin şəhid ailələri ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanılıb. Görüşlər zamanı şəhidlərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı, onların müqəddəs xatirəsinin daim ehtiramla yad ediləcəyi vurğulanıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







