Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Dövlət Proqramları uğurla icra edilir

17 oktyabr 2014 | 10:00
İcra Hakimiyyəti başçısının hesabat yığıncağında bu fakt bir daha vurğulanmışdır
                                             
   Oktyabr ayının 17-də Pirallahı rayon İcra Hakimiyyətində 2014-cü ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Hesabat nitqi ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd etmişdir ki, oktyabr ayının 8-də Prezident İlham Əliyev cənablarının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dövlət Başçısı 2014-cü ilin 9 ayı ərzində Respublikamızın sosial-iqtisadi inkişaf dinamikasını müsbət qiymətləndirmişdir. Bütövlükdə respublikada bu ilin 9 ayının sosial-iqtisadi inkişafının uğurlu olduğunu, ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atıldığını vurğulayan, bir sıra makro və mikro iqtisadi göstəriciləri sadalayan V.İmanov Pirallahı rayonunda ötən 9 ayda görülən işlərdən danışmışdır.
   Bildirilmişdir ki, son illər iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycan Respublikası bir çox sahələrdə mühüm nailiyyətlər əldə edib. Xüsusən vətəndaşların maddi rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamərində həyata keçirilən konkret layihələr diqqəti cəlb edir. Məhz Pirallahı rayonunda sakinlərin həyat şəraitinin yaxşılaşdırılması və Bakının bu ərazisinin inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyev mühüm tarixi əhəmiyyətə malik bir qərar verdi.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Rayonun ərazisi Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrindən ibarətdir.
   İnfrastruktur layihələri çərçivəsində Qala qəsəbəsindən Pirallahıya çəkilən 22 kilometrlik 4 zolaqlı müasir avtomobil yolunun 1-ci hissəsi artıq istismara verilmiş, işıq dirəkləri və ayırıcı çəpərlər qurulmuşdur. İndiyədək Dübəndi bağlar massivindən Gürgan qəsəbəsi istiqamətində  magistral yolun ətrafının yenidən qurulması və abadlaşdırılması məqsədilə 50 min m3 torpaq, 5 min m3 kübrə daşınmış, 50 növdə 10 minlərlə dekorativ ağac və gül  kolları əkilmiş, geniş yaşıllıqlar salınmışdır ki, bu da yola xüsusi yaraşıq verir. Həmin ərazidə salınan qazon örtüyünün sahəsi 30 min metr2 təşkil edir. Rayonun girişinin sağ və sol hissələrində piramida formasında monument inşa edilərək üzərində “Pirallahı” sözü yazılmışdır.
   Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır. Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında davam edir, inzibati bina tikilir, dənizdəki bəndin və estakada tipli körpünün svayları vurulur. İşlərin başa çatma müddəti 2015-ci ilin may ayına nəzərdə tutulmuşdur.
  Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
  Prezident İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir və bununla əlaqədar Pirallahı rayonunda da xeyli işlər görülmüşdür. Artıq tam gücü ilə işləyən Beton zavodunda yeni istehsalat sahələri işə salınmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq burada hazırda  sazlama işləri başa çatdırılmışdır.
  Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq  Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır. Hazırda peçlərin və digər avadanlıqların quraşdırılması prosesi gedir. “Cörək və un məmulatları kombinatı” 30 min əhalini çörəklə təmin etməyə imkanı olan istehsal gücünə malikdir. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslər tam avtomatlaşdırılmış kombinatda 30 nəfər işlə təmin olunacaqdır.
  “Bakıelektrikşəbəkə” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası üçün S.Vurğun küçəsində 0,52 hektar torpaq sahəsi ayrılmışdır və həmin ərazidə inzibati binanın tikintisi aparılır.
Köhnə Helikopter meydançasının əvəzinə yeni meydançanın tikintisi üçün isə 6 ha torpaq sahəsi ayrılmışdır. Eləcə də məcburi köçkünlərin məskunlaşdırılması üçün iki sahədə hər biri 3 ha olmaqla ərazi ayrılmışdır.
   Pirallahı rayonunda 2014-cü ilin yanvar ayında 10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması Dövlət Proqramına əsasən müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir.
  Ötən ilin oktyabr ayında Dövlət Proqramına əsasən başlanmış 168 №-li tam orta məktəbin əsaslı təmiri başa çatdırılmış, məktəb üçün 2 ədəd 100 kubmetr tutumu olan yeraltı su anbarı tikilmişdir.
  Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd -140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir.
  Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Pirallahı Rayon İcra Hakimiyyətinin 4 mərtəbədən ibarət olacaq,  klassik və modern üslubun sintezini özündə əks etdirən inzibati binasında dəmir-beton konstruksiya işləri artıq üçüncü mərtəbədə davam etdirilir. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadratmetr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasında da betontökmə işləri davam edir. S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün ümumi sahəsi  3000 kvadrat metr təşkil edən yeni inzibati binanın inşasına başlanılmışdır. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır, ərazidə son tamamlama işləri görülür. Bu günlərdə 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisinə başlanılmışdır.
  Cənab İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, Pirallahı qəsəbəsində 168 saylı orta məktəb üçün 15 əlavə sinif otağının və idman zalının tikintisi, 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgan qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin  və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi bu və digər mühüm məsələlər əks olunub.
  Pirallahıda “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla icra olunub. Ümumilikdə, 2 hektaradək ərazi tullantılardan və antisanitariyadan təmizlənərək planlaşdırma işləri aparılıb, qanunsuz tikililər sökülüb. Bu ərazidə 3 kölgəlik tikilib, attraksionlar quraşdırılıb, uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Yaşayış məhəlləsinə 2300 paqonmetr səki daşları düzülüb, 10277 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 500 ədəd küknar ağacı əkilib.
  “Nümunəvi Həyətlər” layihəsi çərçivəsində işlər 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla başa çatdırıldıqdan sonra  28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilmişdir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri aparılır. K.Rzayev küçəsində məhəllədaxili yollar asfaltlanır, köhnə bardürlər yeniləri ilə əvəz edilir. Küçə abadlaşdırılaraq kanalizasiya xətti yenilənmiş, 2 ədəd kölgəlik qurulmuş, “Xeyir-şər” evinin tikintisi davam etmişdir. Ümumilikdə qəsəbədə 5 ədəd “Xeyir-şər” evi tam əsaslı təmir olunmjuş, zəruri avadanlıqlarla təmin edilərək sakinlərin istifadəsinə verilmişdir.
  Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə start verilib. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.
Ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur.  Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Məlum olduğu kimi sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
Avtobus dayanacaqlarının qarşısında yol genişləndirilmiş, 10 ədəd yeni müasir tipli dayanacaq qurulmuş, sonuncu dayanacaqda isə dispetçer məntəqəsi inşa olunmuşdur.
  Pirallahı rayonunda sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi inşa etmək nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. İşə düzəlməklə bağlı Rayon İcra hakimiyyətinə müraciət edən vətəndaşların elektron bazası yaradılmışdır ki, bu baza əsasında da vətəvdaşlar imkan yarandıqca işlə təmin olunurlar. Əhalinin istirahəti və asudə vaxtını keçirməsi məqsədilə “Nümunəvi Həyətlər” layihəsi çərçivəsində işlər, qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər davam etdiriləcəkdir. Zirzəmilərin təmizlənməsi, hündürmərtəbəli binaların əsaslı təmiri, fasadların yenilənməsi, blokların və dam örtüklərinin təmiri istiqamətində müvafiq tədbirlər görüləcəkdir.
  Vətənin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsinə Pirallahı qəsəbəsində “Vətən uğrunda” abidə-kompleksin inşaat işləri başa çatdırılmış, ətraf ərazi abadlaşdırılmışdır. Tikilinin ümumi sahəsi 2800 m2 təşkil edir. Kompleks aypara formasında inşa edilib və yuxarıdan baxdıqda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. Abidənin ön hissəsində Pirallahı rayonunun Milli Qəhrəmanlarının – Yavər Əliyev və Rasim İbrahimovun şəkilləri yerləşdirilmişdir. Bu il yanvarın 20-də “Vətən uğrunda” abidə-kompleksin açılış mərasimi keçirilmişdir. Abidənin ətrafındakı yaşayış binaları əsaslı şəkildə tam təmit olunub və ətrafı abadlaşdırılıb.
   Dövlət Proqramına  əsasən “Azərsu” ASC tərəfindən ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Pirallahı qəsəbəsində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min m3 olan 6 anbar  inşa olunur. Pirallahı rayon Sukanal idarəsi tərəfindən görülmüş işlər nəticəsində sakinlər səhər və axşam qrafiklə su alırlar. 29 və 28-ci məhəllərin sakinləri isə artıq 24 saat ərzində içməli su ilə təmin edilirlər.
   Hal-hazırda rayonun bütün ərazisində yeni istilik xətlərinin çəkilməsi prosesi başa çatmışdır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar 4 ədəd qazanxana tamamilə yenidən qurulmuş, inzibati və yaşayış binalarına yeni istilik xətləri çəkilmiş, məktəblərin, uşaq bağçalarının və yaşayış binalarının istilik sistemləri tam bərpa edilmişdir.   
   Yaxın gələcəkdə RİH-in tikiləcək inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması planlaşdırılır. Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Əyləncə Mərkəzi”nin yaradılması və həmin mərkəzdə internet-kafe, çay evi və digər istirahət obyektlərinin inşası nəzərdə tutulmuşdur. Dövlət Proqramı çərçivəsində Gənclər evinin tikintisi də planlaşdırılır. Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, əhalinin 24 saat fasiləsiz su ilə təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri öz əksini tapmışdır. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam edəcəkdir.
    Rayonun prespektiv inkişaf planına əsasən Gürgən və Dübəndi dəniz sahili boyunca 1700 ha ərazidə tam yeni bir şəhərin salınması nəzərdə tutulur. Dəniz sahili ilə bərabər  ətraf ərazilər də daxil olmaqla yaşayış, ofis, istirahət və əyləncə mərkəzlərinin ən müasir tələblər səviyyəsində layihələndirilməsi planlaşdırılan bu şəhərdə 100 mindən çox insanın yaşaması mümkün olacaq. Yeni şəhərin salınması Bakı şəhərindəki sıxlığın aradan qaldırılmasında da muhum rol oynayacaqdır.
Çıxışının sonunda Vasif İmanov rayonun perspektiv inkişafının da daim diqqət mərkəzində olduğunu, Prezident İlham Əliyev cənabları tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin yüksək səviyyədə təmin edildiyini vurğulamışdır.
  Hesabat nitqi ətrafında müzakirələrdə iştirak edən Pirallahı rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev, “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov və digər çıxış edənlər 2014-cü ilin doqquz ayı ərzində Pirallahı RİH-in fəaliyyətinin qənaətbəxş hesab olunmasını təklif etdilər. 2014-cü ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağının qərar layihəsi toplantı iştirakçılarının nəzərinə çatdırıldı və yekdilliklə qəbul edildi.
Keçidlər