28 iyun Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun anım günüdür
28 iyun 2024 | 16:31
28 iyun 2024-cü il tarixində Çilov qəsəbəsində "Azərbaycanın Milli Qəhrəmanı" Rasim İbrahimovun anım mərasimi keçirilmişdir.
Rasim İbrahimov 18 aprel 1962-ci ildə Bakı şəhəri Pirallahı rayonunun Çilov adasında neftçi ailəsində anadan olub. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İbrahimov 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İbrahimov, 1992-ci il 28 iyun Xocavənd rayonunun Tuğ kəndi uğrunda girdiyi döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Rasim Səxavət oğlu İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Çilov adasında abidəsi ucaldılıb, adına park salınıb. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır.
Anım mərasimində çıxış edən natiqlər Milli Qəhrəmanın keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışaraq qeyd etmişdilər ki, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların adlarının daim hörmətlə xatırlanacağına əminliyini ifadə edən çıxışçılar vurğulamışdılar ki, özlərindən sonra bitib tükənməyən qəhrəmanlıq salnamaləri yazan bu igidlər gələcək nəsillərə örnəkdir. R.İbrahimov vətənpərvər, əxlaqlı, nümunəvi və qorxmaz bir zabit olduğu xüsusi vurğulanmışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz və millətimiz tərəfindən daima yüksək tutularaq ehtiramla anılır.