Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya birlikdə yox deyək” mövzusunda tədbir keçirilmişdir

30 oktyabr 2014 | 11:00
    29 oktyabr 2014-cü il tarixində Pirallahı Rayon Polis Şöbəsinin təşəbbüsü ilə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında “Narkomaniyaya birlikdə yox deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev, MTN Pirallahı Rayon Şöbəsinin rəisi Vüqar Süleymanov, Xəzər rayon prokurorunun müavini, Pirallahı RİH və Rayon Polis Şöbəsinin əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının işçiləri, “Ümidli gələcək” gənclər təşkilatının və Respublika Narkoloji Dispanserinin nümayəndələri, rayonun təhsil müəssisələrinin müəllimləri və şagirdləri iştirak etdilər.
    Pirallahı Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev  qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.
     Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov öz çıxışında qeyd etdi ki,  müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də ön plana çıxmışdır və problemə münasibətdə yeni mərhələ başlanmışdır. Bildirildi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası həmçinin, müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq qeyd edən V.İmanov bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.
   Tədbirdə səhiyyə sahəsinin nümayəndələri, “Ümidli gələcək” gənclər təşkilatının təmsilçisi Aytən Namazova və başqaları çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur və belə maarifləndirmə tədbirlərinin zəruriyətini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
     Tədbirin sonunda hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən broşürlər paylandı və mövzuya aid videoçarx nümayiş olundu.
Keçidlər