“Qəhrəmanlar ölməz, Vətən bölünməz”
2014-cü il noyabrın 5-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə Pirallahı qəsəbəsində yerləşən 168 nömrəli tam orta məktəbin akt zalında “Milli qəhrəmanları tanıtma kampaniyasının təşkili” layihəsi çərçivəsində “Qəhrəmanlar ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Respublika “Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi”nin sədri Elşən Uluxanlı, YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov, Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, Milli Qəhrəmanlar Vahid Quliyev və İntiqam Atakişiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı rayon Şöbəsinin, ziyalıların və rayon ictimaiyyətinin nümayəndələri, orta məktəblərin müəllim və şagirdləri iştirak etdilər.
168 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov qonaqları salamlayaraq bildirdi ki, Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində mütəmadi olaraq rayonumuzun Milli Qəhrəman və şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları ilə görüşlər keçirilir. Bu görüşlər, xüsusən də bu gün canlı olaraq Milli Qəhrəmanlarla ünsiyyət gənclərimizdə Vətənə, torpağa, xalqa, valideynlərə olan hörmət və sevgi hisslərini artırır.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış igid oğul və qızlarımızın, Milli Qəhrəmanlarımızın cəsurluğu və rəşadəti vətənini sevən hər kəs üçün örnək olmalıdır. Bildirildi ki, Milli Qəhrəman və şəhid ailələrinə dövlət qayğısı ölkəmizdə prioritet məsələlərdən biridir və ölkə başçısı tərəfindən daim diqqət mərkəzində saxlanılır.
“Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi”nin sədri Elşən Uluxanlı tədbirin əhəmiyyəti və zəruriliyi haqqında danışdı və vurğuladı ki, təşkilat gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək, keçirilən tədbirlərin miqyasını və çoğrafiyasını daha da genişləndirməyə çalışacaqdır. Milli Qəhrəmanlar Vahid Quliyev və İntiqam Atakişiyev şərəfli döyüş yollarından ətraflı söhbət açdılar, şəhidlik zirvəsinə ucalmış döyüş dostlarını qürur, eyni zamanda qüssə hissləri ilə xatırladılar, şagirdlərə ölməz şəhidlərimizin adına layiq vətəndaş kimi böyüməyi arzuladılar.
235 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Pikəxanım Əliyevanın Pirallahı rayonunun Milli Qəhrəmanları və Qarabağ şəhidləri barədə hazırladığı çıxış qonaqlar tərəfindən xüsusi maraqla dinlənildi. Bildirildi ki, Pirallahı rayonunun 38 Qarabağ şəhidi vardır ki, onlardan da üç nəfəri ölkəmizin ən ali mükafatlarından birinə - Milli Qəhrəman adına layiq görülmüşdür. 168 nömrəli tam orta məktəbin şagirdlərinin vətən və qəhrəmanlar haqqında söylədikləri şeirlər də böyük marağa səbəb oldu. Məktəblilərin ifasında “Ana və poçtalyon” poeması əsasında hazırlanmış kompozisiya da tədbirin ruhu ilə səsləşirdi. Tədbirin davamında məktəb şagirdləri onları maraqlandıran suallarla Milli Qəhrəmanlara müraciət etdilər və hər bir suala onları qane edən ətraflı cavablar aldılar. Daha sonra məktəblilər arasında viktorina elan olundu. 168 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rüstəm Allahverənli əzbərdən 17 Milli Qəhrəmanın adını sadalayaraq viktorinanın qalibi oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı Kamran Quliyev qalibi təbrik edərək bu qəbildən olan tədbirlərin nazirlik tərəfindən də dəstəkləndiyini bildirdi.
Sonda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasının, ölkənin inkişafında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsinin müasir dövrün əsas tələblərindən biri olaraq qaldığını vurğuladı. Təsadüfi deyil ki, yeni yaranmış Pirallahı rayonunda ilk olaraq inşa edilən tikililərdən biri Vətənin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsinə ucaldılmış “Vətən uğrunda” abidə-kompleksi oldu. Bu gün hər bir Milli Qəhrəman və şəhid ailəsinin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu deyən V.Səfixanov “Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi”nin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşlarına, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyəti olan tədbirin hazırlanıb-keçirilməsində əməyi olanlara Pirallahı RİH adından minnətdarlığını bildirdi.