Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlər bayram sevinclərini mahnılarla, şeirlərlə ifadə etdilər Pirallahı rayonunda keçirilən “Dövlət Bayrağı Günü” tədbirlərində

07 noyabr 2014 | 11:00
    Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilir. Pirallahı rayonu ərazisində yerləşən altı orta məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Məktəb direktorları tədbiri açaraq çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəblərin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, Azərbaycan bayrağını daim yüksəklərə qaldıra biləcək gənclər yetişdirəcəklərinə söz verdilər.
    Bayram tədbirlərinə qatılmış Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları ilk növbədə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini pedaqoji kollektivlərin üzvlərinə və şagirdlərə çatdırdılar. Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilərək iqtisadi və siyasi qüdrəti sürətlə artmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində Respublikanın hər bir bölgəsi inkişaf edir və çiçəklənir. Eyni zamanda çıxışlarda qeyd edildi ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Pirallahı rayonunda da böyük quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.
     Azərbaycan Respublikasının Dövlət bayrağının dövlət suverenliyinin rəmzi olduğunu söyləyən tədbir iştirakçıları Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldığını vurğulamışlar. Bildirilmişdir ki, müstəqillik illərində üçrəngli milli bayrağımızı ilk olaraq Vətənimizin başı üzərində ulu öndərimiz Heydər Əliyev dalğalandırmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən,  2009-cu ildən bu yana hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur. Meydanda, həmçinin, Dövlət Bayrağı Muzeyinin də yaradıldığı da bildirildi.
   Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, öz bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər. Günün ikinci yarısında “Dövlət Bayrağı Günü” ilə əlaqədar bayram tədbiri V.Mustafazadə adına Mədəniyyət və 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzlərində də keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak etdilər. Mərkəzin yetirmələri qonaqlara Bayraq və Vətən mövzusunda hazırladıqları əl işlərini və musiqi nömrələrini nümayiş etdirdilər. Bayram tədbirləri Pirallahı rayonunun məktəbəqədər tərbiyə müəssisələrində də keçirildi.
Keçidlər